Bu Blogda Ara

11 Şubat 2016 Perşembe

Dərc olunub 18 oktyabr 2015/ Meydan TV

Anti-suverenliyə qarşı"Müstəqiliksə, niyə əzilirik?!" təbəddülatları haqda:
Suverenlik toplumsal tərəqqinin ədalət axtarışındakı mühüm tapıntısıdır. Fəlsəfi hədəfi də "insan azadlığına qarşı" yox, "insan azadlığı naminə"dir. Suverenlik insan azadlıqlarının təminatçısı olan müstəqil məhkəmənin, azad seçkinin, toplum maraqlarının ifadəçisi olan idarəetmənin (suveren dövlətin) ilkin şərtidir. Suverenlik olmadan çalışan demokratik sistem mövcud ola bilməz. Dünyada “suveren deyil, amma insanları azaddır” deyə biləcəyimiz toplum yoxdur. Dünyada "Suveren"dir (dövlət), amma toplum azad deyil” deyə biləcəyimiz çox sayda toplumun olması, "Suverenlik azadlığa qarşıdır" məntiqini yaratmır, yarada bilməz.
O zaman gərək "bizim polis bizi şərləyir, deməli, polis təhlükəsizliyin düşmənidir" məntiqini doğru sayaq.
Suverenlik geniş anlamda, həm də qəti şəkildə topluma, (xalqdan və ya xalqlardan ibarət) daha doğrusu, "super suverenliyi" əlində tutan topluma aid legitim ÜSTdür. Suverenliyin fəlsəfəsində "super suveren" olan, “kimlik”və ya “titul” deyil. Əzici çoxluq və ya SEÇİLMİŞ azlıq da deyil. Və ya hansısa etnik kimliyin "mən hegemonam" duyğusunun mütləq hakimliyi də deyil. Bunun adı, bir halda, çoxluğun ,digər halda kralın , indiki halda (20-21 əsr) “Modern Diktator”un super suverenliyidir.
Kral suverenliyindən xalq suverenliyinə
Suverenliyin gerçək tərifini verə bilmək üçün əvvəl bu anlayışla əlaqədar müzakirələrin tarixi proses içindəki seyrini araşdırmaq, daha sonra da suverenlik ilə nəyin nəzərdə tutulduğunu; bir fərziyyənin ideoloji dərkin dəlilmi qılındığını, yoxsa heç bir hüquq sisteminin biganə qalmayacağı bir hüquqi reallığımı göstərdiyini ortaya qoymaq lazım olacaq.
Suverenliyi dövlət qüdrətinin bir xüsusiyyəti olaraq qəbul edən yanaşmaya görə, suverenlik tamamilə mənfi bir konseptual məzmuna sahibdir.Suveren olan dövlət, ölkəsi içində mütləq bir üstünlüyə sahib olub, özündən üstün və ya bərabər səviyyədə başqa hər hansı bir iqtidarı "tanımır". Dövlətin hakim olduğu ətraf içindəki bütün iqtidarlar dövlət qüdrətinə, nüfuzuna bağlıdır. Dövlət ölkəsi xaricində də suverenlik xarakteri etibarilə digər dövlətlərə qarşı mütləq bir müstəqilliyə sahibidir.
Bu halda dövlət qüdrətinin suverenlik xüsusiyyəti, onun hər hansı bir nüfuza tabe olmadığını - ölkə içində ən üstün, ölkə xaricində müstəqil olduğunu ifadə etməkdədir. Hansı ki, irəlidə də bəhs edəcəyimiz kimi, suverenlik anlayışının tarixi təkamül müddəti içində bu görüş, yəni “suverenlikdə məqsəd dövlət qüdrətinin bir xarakteri olduğunu” irəli sürən yanaşma, ideoloji olaraq, Fransız Kralının içəridə bir qism imtiyazlarla onun hökmranlıq haqlarını məhdudlaşdıran feodal bəylərə, çöldə də Papa və Roma imperatoruna qarşı istifadə edilib. Bu anlayış suverenliyin ilk və əsl mənasını təşkil edir.
Suverenlik anlayışının təyin olunmasındakı bir başqa yanaşmaya görə isə suverenlik, dövlət hakimiyyəti (qüdrəti) mənasına gəlməkdə; dövlət qüdrətinin özünü, məzmununu, əhatəsini, qısaca dövlətin daxildə və xaricdə istifadə səlahiyyətlərinin hamısını ehtiva edir.
Tarixi proses içərisində suverenlik sözünün fərqli mənaları bunlardır:
a) Hüquqi Hökmran: ölkənin tabe olduğu hüquqa görə qanunvericilik ya da hökumətin idarəsi vəzifəsini boynuna götürən adam ya da kəslər.
b) Siyasi, ya da konstitusiyalı Hökmran: hər hansı bir anda gerçək nüfuzun son olaraq özlərində qaldığı kəslər birliyi (super suverenliyin xalqa məxsusluğu).
Qısacası, suverenlik, qanun istehsalında, idarə, icra və məhkəmə sahəsində mütləq gücə sahib olmaqdır. Məsələn, İngilis Parlamentinin suverenliyi bunun bir nümunəsi olaraq göstərilə bilər. Ancaq hüquqçular və siyasət elmi mütəxəssisləri insanlar, ya da təşkilatlarla əlaqədar olaraq bu gücün tam mənasıyla harada olduğu, bu mütləq gücə gerçəkdə kimin sahib olduğunu tapmaqda çətinlik çəkirlər.Toplumda suverenliyin bütün xüsusiyyətlərini özündə cəmləyəcək bir şəxsi hələ tapmayıblar (“super suverenlik” şəxsin üzərində cəmləşdirilməyib).
Aristotelə görə, vətəndaşların ümumi olaraq qəbul etdiyi dövlətdə ən yüksək güc bir, bir neçə və ya bir çox adama təslim edilə bilər.Onun görüşündə dövlətin əsl ayırdedici istiqaməti öz-özünə yetərliliyidir, suverenliyi deyil. Orta çağlarda Roma qanunlarının təsiriylə mütləq suverenlik nəzəriyyəsi hüquqçularının yazılarında da əsas istiqamət kimi "imperator hökmrandır" şəklində ümumiləşir. Ancaq imperiyanın gücü zəiflədiyində yeni bir hökmranlıq ölçüsü qəbul edildi: xaricə qarşı müstəqillik.
Mübarizə üç güc arasında idi: Kilsə, Roma İmperatorluğu (Dövlət) və böyük torpaq sahibləri (və ya hüquqi şəxslər, şirkətlər).
Suverenliyin ictimai müqavilədən qaynaqlandığı şəklindəki populyar nəzəriyyə isə Hobbes, Rousseau və Lockenin görüşləridir. Bu halda suverenlik cəmiyyətin təşkil olmuş şəkli ya da ümumi iradəsi olaraq ortaya çıxır, krallar ya da parlamentlər bu iradənin sükanı kimi qəbul edilir.
Platon və Aristotel isə qanunun suverenliyindən bəhs edir. Platon deyir: "Qanunun idarəçilərdən üstün, idarəçilərin qanundan aşağı olduğu ölkəni toplumun nicatı kimi düşünərəm".
Eyni görüş bir çox Alman hüquqçuları tərəfindən da ifadə edilib (Yalnız qanunda varlığını tapan, qanun içində var olan; yalnız hüquqi nizam tərəfindən təşkil edilən dövlət fikri). Açılışı təxminən belədir: Siyasət terminologiyasında suverenlik, tək adam, ya da bir təşkilat tərəfindən insanların nəzarət altında tutulmasıdır. "Suveren" olanların sözləri qanundur; qanuni olaraq hər şərt altında onlara itaət etmək məcburiyyətində olan insanlar üzərində əmr və qanunlarını zorla qəbul etdirmə yönündə qarşı gəlinəməz hüquqlara sahibdirlər. Bu əmrləri pozmaq, ya da qarşı çıxmaq yönündə heç kimsə qanuni bir gücə sahib deyildir. Bütün hüquqlar suverenin (toplumun) arzularına bağlı olaraq verilir, ya da alınır. Digər bir ifadəylə, qanunvericinin verdiyi hüquqlardan başqa haqq yoxdur!..
Qanunlar suveren olanların istəyi ilə əmələ gəlir və ya ləğv edilir; bütün vətəndaşlar bu qanunlara itaət etmək məcburiyyətindədirlər, ancaq suverenlik heç bir qanuna bağlı deyildir.Çünki O, super suverendir. Hətta "onun" davranışları yaxşı və pis, doğru və yanlış olmanın kriteriyasıdır.....Huquqçuların baxışına görə suverenlik anlayışının mənası və mahiyyəti budur.
Daha sonralar demokratik anlayışın cəmiyyətlərin düşüncəsində inkişafı nəticəsində hökmdar və ya padşahın suverenliyi fikri tərk edilib, yerinə millətin suverenliyi (milli suverenlik) ya da xalqın suverenliyi (xalq suverenliyi) fikri möhkəmlənib.
Göründüyü kimi, suverenlik təriflərinin ortaq nöqtələrini verən bu yanaşmalar anlayışın özü və məzmununu əks etdirməkdən daha çox suverenlik sözü dövlətə ya da onun orqanlarına aid edildiyində nəyin nəzərdə tutulduğunu göstərməyə istiqamət verir.
Mənim vurğulamaq istədiyin isə odur ki, suverenliyin inkişaf tarixi "ədalətə doğru" tendensiyadadır və "ədalətli cəmiyyət" arzularının reallaşması üçün mühüm instrumentdir.
Bu mənada, məsələn əvvəlki "millət-dövlətlərin" Aİ-də birləşməsinə "azadlıqlar naminə artıq suverenlikdən imtina edirlər" yanaşması kimi baxmaq kökündən yanlışdır. Aİ "super suverenliyi" əlində tutan topluma (xalqalardan ibarət) aid SUVERENlikdir: "az" suveren dövlətlərin, "çox" suveren birliyi.

Dərc olunub 28 sentyabr 2015/bastainfo.com-müəllif Elman Fəttah

"KENTUKKİ" DİRƏNİŞİ




"Demokratiyanın ən sadə və ən açıq tərifi səsvermənin gizliliyidir" M. Kaplan.





Elman Fəttahın 2014-cü il, demək olar bütün il boyu gündəm Müsavat Partiyasının Qurultay hazırlığı, Qutultayı, Qurultay sonrası müzakirələr oldu. Hamı bu mövzunu müzakirə edirdi. Müsavatın dostları da, bədxahları da. Bu haqda uzun-uzun yazmaq niyyətində deyiləm. Sadəcə, 1 il sonra nə qədər böyük bir yükün altına necə inamla girdiyimizi gördükcə, o zamankı məqsədlərimizi bir daha qürurla xatırlatmaq istəyirəm. 
Yəqin çoxlarını hələ də düşündürür ki, belə çətin bir dövrdə Müsavat Partiyası niyə Qurultaya kənar müdaxilələrə bu qədər açıq, (bütün üzvlərə, bütün namizədlərə, hətta bütün cəmiyyətə) ultrademokratik ortamla getdi?! Hətta prosesə nəzarət imkanlarının partiyanın insiativindən çıxdığını düşünənlər də vardı.

Niyə getdik?

Bizim hədəflərimiz:

1.Biz bütün ictimaiyyətin diqqət mərkəzində olan qurultayla inandığımız ən ali dəyəri, demokratiyanı təbliğ etməli idik. Etdik.
2.Biz Rejimə dərs üçün, cəmiyyətə isə mesaj üçün "ardıcıl olaraq iki dəfədən artıq rəhbər” seçilməmək kimi , "hakimiyətin hüdudsuzluğu”nun təminatlı baryeri olan "məhdudiyyət” bəndini gerçəkləşdirməli idik. Etdik.
3.Biz "seçkili demokratiya”nı hamıya nümayiş etdirməli idik. Etdik.
4.Biz alternativ namizədlərlə baş tutan seçkinin Seçki Komissiyalarının paritet əsaslarla təşkil edilməsini öz üzərimizdə tətbiq etməklə bunun azad və bərabər seçki şəraiti üçün zəruri olduğunu sübut etməli idik. Etdik.
5.Biz seçkinin azad və ədalətliliyi üçün bütün prosedurların hamiya bərabər imkanlardan ibarət olmasını təmin etməli idik. Etdik. 
6.Biz seçkinin, səsvermənin nəticələrinin hesablanmasının şəffaflığını hamiya nümayiş etdirməli idik. Etdik.
Və nəhayət, biz müsavatçılar, azad, ədalətli, şəffaf , bütün namizədlərin bərabər imkanlarla iştirak etdiyi seçkilərlə sübut etdik ki, Azərbaycanda seçki saxtakarlığının qaynağı Əliyevlər rejiminin xalqa aşılamağa çalışdığı kimi mentalitetdə deyil. Bütün müsavatçılar azərbaycanlılardır və onlar demokratik seçki keçirdilər. Saxtakarlığın, seçki zorakılığının tək qaynağı rejimdir. Bəli, bizim məqsədimiz əsasən bunlar idi və bunlara nail olduq.
Biz nəyə nail ola bilmədik? 

Seçkili demokratiyanın müxalif düşərcədə mənimsənilməsinə nail ola bilmədik.Onlar hələ də "demokratiyanı hakimiyyətə gələndə tətbiq edərik” kimi qorxulu arqumentlə demokratiyanın əlifbasını, ilk düsturuna qarşı müqavimət göstərməyə davam etməkdə israrlı görünürlər: AXCP-nin Qurultayından: "səsvermənin gizli və ya açıq keçirilməsi səsə qoyuldu. İki nəfər (!!!!) əlehinə olmaqla açıq səsvermə təklifi qəbul edildi” axı  nə vaxta qədər?
Iki gün öncə gizli səsvermənin əhəmiyyəti haqda qeydlərimi paylaşmışdım:” "Seçkili demokratiya" demokratiyanın əlifbası, "gizli səsvermə" seçkili demokratiyanın ilkin şərtidir. Demokratlar bunu çoxdan mənimsəyib. Demokratlığa iddia edənlər bu prinsiplərin tətbiqinin zəruriliyini dərk edirlər. Tətbiq etməkdən imtina edənlər isə yanlış yapırlar. Ha bu gün, ha sabah, günün birində zatən bu prinsipləri qəbul etmək məcburiyyətə  çevriləcək. Qaçışı mümkün olmayan prinsiplərə müqavimət ("Kentucky” dirənişi) bihudədir, arkadaşlar. Səsvermənin gizliliyi, namizədliyin alternativliyi, təbligat və təşviqatda imkan bərabərliyi, bütün bunlar möcüzə deyil. Həqiqi demokratik təşkilatların sadə prosedur vərdişləridir. Məsələn, Musavat Partiyasının. 

Əgər bu vərdişlər mənimsənilməyibsə, hətta hələ də "özünü idarətmeyə" buraxılmırsa belə təşkilatın profili müqavimət qrupu, anti iqtidar qrupu, lokal ideoloji qrup və s. ola bilər. Amma onun profili demokratiya ola bilməz. Demokratiya uğrunda demokratiyasız mübarizə olmur.”
Gizli Səsvermə 
William Hogarth'ın Seçim adlı tablosu (1757).
•Gizli səsvermə:Seçicinin seçki iradəsinin gizli tutulduğu bir səs vermə üsuludur. Əsl məqsəd, seçicinin göz qorxutma ya da rüşvət kimi üsullarla qarşı-qarşıya qalmadan AZAD İRADƏ ilə bir seçim etməsini təmin etməkdir.
•Gizli səsvermə:Siyasi gizlilik anlayışının təminatçısıdır. 
•Gizli səsvermə: Hər hansı bir namizədin başqa bir namizədə, ALTERNATİVLİYƏ basqının önünə keçir.
•"Avstraliya üsulu səsvermə” olaraq adlandırılan gizli səsvermə  sistemi ilk dəfə 1850-ci illərdə bu ölkədə istifadə edilmişdir. Birləşmiş Ştatlarda əsə Massachusetts səsverməsi” olaraq bilinən gizli səsvermə
 ilk dəfə bu əyalətdə tətbiq olunub.
•Gizli səsvermə Antik Yunanda özünü imtiyazlı sayan insanların psixoloji təqibindən qaçmaq məqsədi ilə istifadə edilirdi. Antik Romada bu sistem ibtidai qaydada da olsa, hətta  e.ə. 139-ci ildə "AZAD İRADƏ naminə”  gabinia lex adıyla xatırlanan Tabellariae Leges (səslərin komissiya tərəfindən sayılması) qaydaları ilə tətbiq edilirdi. 
•Fransa: 1795 Fransız Konstitusiyasının 31 maddəsi  bütün seçkilərin gizli səs əsasına görə keçiriləcəyini vurğulayır.
•Britaniya: Gizli səsvermə təklifi reformistlərin  təməl aldığı altı nöqtədən biri idi.  Parlament  Reformizmin altı maddəsininin tamamını geri çevirsə də Baron Macaulay 1842-ci il tarixli bir çıxışında Gizli səsverməni qanun olaraq dəstəkləyəcəyini ifadə etdi.  Britaniya 1872 Seçki Aktı ilə gizli səsverməni qəbul edib.
•Avstraliya: Reformizm altı maddəsi 1854-ci ildə qəbul edilib. Gizli səsverməni 19 Mart 1856 tarixində "1856 Seçki qanununu” ilə rəsmən qəbul edib.
•Gizli səsvermənin ilk dəfə tətbiq olunduğu yer bugünkü Tazmanya  əyalətidir (7 fevral 1856). 
•ABŞ: ABŞ-da bir çox əyalət, gizli səsverməni 1884 Prezident seçkisindən qısa müddət sonra qəbul edib. Kentucky əyaləti isə açıq səsvermə dirənişini 1891-ci ilə qədər , cəmi 7 il davam etdirə bilib. Gizli səsvermə ilə seçilən ilk Birləşmiş Ştatlar prezidenti 1892-ci ildə prezident kreslosuna oturan Grover Cleveland'dır.

Gizli səsverməninbəzi ölkələr üzrə qüvvəyə mindiyi tarixlər:

1795 - Fransa
1849 - Hollandiya
1853 - Kolumbiya
7 Fevral 1856 - Tazmanya, Avstraliya
19 Mart 1856 - Victoria, Avstraliya
2 Aprel 1856 - Cənubi Avstraliya
1866 - İsveç 
1870 - Yeni Zelandiya
1872 - Birləşmiş Krallıq - 1872 Seçki Aktı altında; 
1885 - Norveç
1888 – Massachusetts ştatı
1889 - Wisconsin
1891 - Amerika Birləşmiş Ştatları (Kentucky bu qanunu qəbul edən son əyalətdir)
1901 - Danimarka
1912 - Argentina
1919 - Rumıniya
1932 - Braziliya
1946 - Venesuela
1950-Türkiyə
Və Azərbaycanda: 
Rejim aydındır. O demokratiyanın D-sindən, seçkinin S-nə qədər hər şeyə nifrət edir. Bəs "demokratiya uğrunda mübarizə” aparırıq deyən, Müsavat və NİDA-dan başqa hər hansı təşkilat   "Demokratiyanın ən sadə və ən açıq tərifi səsvermənin gizliliyidir." 
adlı demokratiya düsturunu tətbiq edirmi? Tətbiq edəcəyini vəd edirmi? Etmir. 

Elman Fəttah
Bastainfo.com

Dərc olunub 16 noyabr 2015/ Meydan TV - Müəllif Elman Fəttah

Dini, yoxsa dini görünüşlü terror?

Dini motivli terrorun tarixi çox qədimlərə dayanır. Bilinən ən qədim terror hərakatlarından olan "Sicarii" Orta Şərqdə, bu günki İsraildə ortaya çıxıb. I əsrin 60-70-ci illərində bəzi radikal din adamlarının indiki Fələstində qurduğu , son dərəcə yaxşı təşkilatlanmış dini məzhəb olan "Sicarii" düşmənlərinə gündüz və xüsusən də tətil günləri Qüdsdə izdiham anında basqın edirdi. Silahları isə "siçan" deyilən və libaslarının içində gizlətdikləri kiçik bir qılıncdı. Başlıca fəaliyyətləri isə, Herodian rahiblərinin monastırlarını məhv etmək, borcların geri alınmasının qarşısını almaq üçün faizçilərin (kim istəsə bunu da ədalət uğrunda cihad adlandıra bilər. E.F.) sənədlərini və dövlətin arxivlərini məhv etmək, buğda ambarlarını yandırmaq və Qüdsün su kanallarını məhv etmək olub.
Terror sözünə Fransız İnqilabı tarixində də rast gəlirik. Fransız İnqilabının ilk illərində hüdudsuz qanunverici səlahiyyətlərə sahib Convention (Convention nationale), ölkənin xarici güclər tərəfindən işğal edilməsinə duyduqları narahatlığa görə və daxildəki vətəndaş narahatlığının inqilaba zərər verə biləcəyini düşündükləri üçün fövqəladə tədbirlər görməyə qərar verirlər. Bu məqsədlə ictimai təhlükəsizlikdən məsul Komitəni (Comité də salut public) az qala diktatorluğa çatan səlahiyyətlərlə təchiz edirlər. 5 Sentyabr 1793 də Convention bir bəyanat ilə inqilab əleyhdarlarına qarşı Terroru (la Terreur) elan edir: "Sui-qəsdçiləri dəhşətə salmanın zamanı gəldi. Hüquq adamları, Terroru başladın." Cəmiyyət təhlükəsizliyindən məsul komitənin başındakı Maximilien Robespierre Terrorun alovlu müdafiəçisi kimi bir il sonra, 28 İyul 1794 də despotluq günahından edam edilənə qədər minlərlə adamın edamına rəhbərlik edib.
Bunu xatırlatmaqda məqsədim odur ki, kimlərsə müsəlman olmayanlara qarşı törədilən terror aktlarını müdafiə edərkən bu faktlardan arqument düzəltməsin. Bunu hamı bilir və lənətləyir. “Xaç yürüşləri” nə dərəcədə insanlıq faciəsi idisə, onun əksi də o dərəcə də insanlıq faciəsidir. Keçmişdə qərblilərin özlərinə qarşı törətdikləri hansı həddə barbarlıq idisə, indi müsəlmanların özlərinə qarşı törətdikləri də eyni barbarlıqdır. Çağdaş cəmiyyətlərin keçmişdə qalan vəhşilikləri sizin bu günkü vəhşiliyinzə haqq qazandırmır, əksinə sizi lənətlədiyiniz o keçmişlə eyniləşdirir.
Terror nədir?
• Terror, ya da terrorizm, siyasi, dini və ya iqtisadi hədəflərə çatmaq məqsədiylə vətəndaşlara; rəsmi, yerli və ümumi rəhbərliklərə istiqamətli təzyiq, qorxutma və hər cür şiddət ehtiva edən yolun istifadəsidir. Terror tətbiq edən terror təşkilatı; terror tətbiq edən şəxslərə isə terrorçu deyilir. Terror sözü Latın mənşəlidir. Mənası "qorxudan titrəmə" və ya "titrəməyə səbəb olma" dır. Fransız lüğətində terror "Bir cəmiyyətdə bir qrupun xalqın müqavimətini qırmaq üçün yaratdığı ortaq qorxu" kimi izah edilir.
• Dini terrorizm, özünə dini inancları zəmin aldığını iddia edərək dünyada edilən hər cür fitnə-fəsad hərəkətlərinin ümumi adıdır. Krallıqların çöküşü və milliyətçiliyin yüksəlişinə şahidlik edən müasir dövrdə, terrorizm daha çox anarxizm və nihilizm ilə inqilabçı düşüncələrə əsaslanıb. Ancaq din qaynaqlı terror aktları 1980-ci ildən sonra demək olar ki, birinci sıraya çıxıb.
Terror siyasi həyat, iqtisadi sistem, sosial, mədəni və etnik quruluş və insan hüquqları kimi mövzularda problemlərin ortaya çıxmasına yol açan əhəmiyyətli bir faktor, ya da onsuz da bu problemlər varsa bunların həll olunmasının önündəki ən böyük maneədir. "Dini motivli terror" isə son illərdə bir çox ölkədə ciddi problemə çevrilib.
Din ilə terror arasında əlaqənin olub olmadığı mübahisəsi tarixən davamlı olub və hələ də davam edir. Mübahisənin “kimlərin qələbəsi ilə” başa çatacağı məlum olmasa da, mübahisə tərəflərinin istifadə etdiyi iki anlayış,"Dini terror" və "Dini motivli terror" anlayışları terror literaturunda öz yerini möhkəmləndirib. Din, ya da inanca mənsub cəmiyyətlərdə Yəhudilik, Xristianlıq və İslam dini adına terror hərəkətlərinin baş verməsinə tarix boyunca rast gəlinib və hələ də nümunələri artaraq davam edir.
"Din" və "terror" anlayışlarının bir arada tələffüz edilməsi və edilən hərəkətlərin xüsusiyyəti "dinin terroru bəslədiyi" şəklindəki qənaətləri gücləndirsə də, bunun "bəsləmək" ya da "dəstəkləmək" dən daha çox "bəsləyən kimi görünmək" şəklində başa düşülməsi daha doğru olacağı fikirləri də va. Gəlin, o fikirlərə də diqqət edək. Qısacası, dini motivli terrorun dinin terroru dəstəkləməsi və ya bəsləməsindən daha çox, bir dinə mənsub adam və ya qrupların etdikləri zülmə legitimlik qazandırmaq üçün dini istifadə etmələrinin bir nəticəsi olaraq ortaya çıxması yanaşması, inanclı insanların terroru özlərindən kənar tutmalarının bir təzahürü kimi ən azından süngü ilə qarşılanmamalı gerçəklikdir.
Çünki ümumi qəbul edilən yanaşma, dinlərin cəmiyyətdə terror mühitinin meydana gəlməsinə dəstək verməsi yox, inanclı şəxslərin etiqadını dinc şəkildə ifadə etməsi yanaşmasıdır. Dolasıyla "dini terror" yerinə "dini motivli terror "demək daha doğru olacaq. Mübahisəni terroru "dinin motivasiya etdiyi" (Religiously motivated) müstəvidə deyil, "dini görünüşlü (religiously appeared) terror” müstəvisində etmək daha uyğun yanaşma olar. Bəlkə hər iki mənanı da ehtiva etməsi məqsədiylə "dindən bəslənmiş kimi görünən terror" şəklində də terminləşdirmək olar.
Məncə, əsas məqsəd "dini motivli terror" anlayışınının, yazılışının doğru olub- olmadığından tutmuş, nə ifadə etdiyi və nəyi əhatə etdiyinə qədər müxtəlif aspektləri müzakirə etmək olmalıdır. Bu məqsədlə, əvvəl ümumi olaraq terror və din anlayışları ilə din-terror əlaqəsi qısaca açıqlandıqdan sonra "dini motivli terror" anlayışı, mənası, xüsusiyyəti və əhəmiyyəti baxımından dəyərləndirilməlidir.
Yuxarıda da qeyd edildiyi kimi ümumi olaraq terror, dəyişdirməyə, yıxmağa, yox etməyə, qorxu salmağa və təhdid etməyə istiqamətli silahlı şiddət hərəkəti olaraq hər kəs tərəfindən hiddətlə qarşınan insanlıq əlehinə cinayət hadisəsidir. Terrorizm kütlələrin ideoloji olaraq həddindən artıq dərəcədə cəbhələşməsinin, ortaya çıxan ağır iqtisadi problemlərin və daha da əhəmiyyətlisi cəmiyyətlərin etnik və dini baxımdan fərqliliklərinin yol açdığı siyasi səbəblərdən qaynaqlanır.
Dinin terrora qarşı olduğunu, “Din və Terror”un birlikdə tələffüz edilməməsi lazım olan iki anlayış olduğunu müdafiə edən yanaşma hər nə qədər diqqətəlayiq olsa da, hətta bu ümumi görüşə qatılanların belə qəbul etdiyi, amma kimsənin arzu etmədiyi şey, özlərini dindar olaraq təqdim edən fərdlərin və ya qrupların "din adına" terrorist hərəkətlər törətməsidir. Hətta bəzən diqqət çəkəcək şəkildə "qarışmış olmaq"dan kənar, çox ciddi ölçülərdə irəli gedildiyi də bir gerçəkdir.
M. Qandinin dediyi kimi "tarixdə ən nifrət dolu və qəddar cinayətlər din adına edilmişdir". Bu da haqlı olaraq "dinin terroru bəslədiyi" şəklində qiymətləndirilmələrə əsaslar yaratmaqdadır. Din və onun meydana gətirdiyi təşkilatlar, insanları birləşdirmə rolu oynamalarına baxmayaraq, bəzən və daha kəskin formada coğrafi, kulturoloji və təfəkkür müstəvisində “negative differences”i (zərərli fərqlilik) təşfiq edən işlərlə də qarşımıza çıxır.
Bu zərərli fərqlilik həyatın hər yanında özünü hiss etdirir. İqtisadi baxımdan, məsələn eyni dinə inananların alacaqları əşyada dindaş olan satıcını seçir. Qonşuluq, yoldaşlıq və s. ictimai əlaqələrdə də insanların mənsub olduqları din, ya da dini camaat təyinedici olmaqda, o birinə qarşı bir cəbhə meydana gətirməkdədir. İçərisində birdən çox dinin yaşandığı cəmiyyətlərdə hər bir din, öz mənsubları arasında əhəmiyyətli bir qaynaşma vasitəsi olarkən, digər dinə, məzhəbə, ya da dini camaata mənsublara qarşı bir cəbhələşməni də özü ilə bərabər daşıyır.
Dinlərin tarixin və coğrafiyanın müəyyən seqmentlərində insanlar üçün dinclik və sabitlik səbəbi olduğu bilinərkən, başqa seqmentlərdə nifaq, fitnə və zülm şəklində ortaya çıxmasını necə inkar etmək olar? Bu vəziyyətdə problem kimi din ilə o dinin mənsublarının din anlayışlarının bir-birindən fərqliliyimi gündəmə gəlməlidir? “Bu əsl din deyil” yanaşması bu suala cavab verirmi?.
Dinin təklifinin nə olduğu qədər insanların bunları necə anladığı, necə qəbul etdiyi və necə tətbiq etdiyi də, əlbəttə, əhəmiyyətlidir. Hər halda, din mənsublarının öz dinləri ətrafında belə, vahid olmadıqları, fərqli qrup və məzhəblərə bölünmələri, din ilə ona tabe olanların sinxron olmadıqlarını ortaya qoyur. Hətta bu vəziyyətdə din, başqa dindən olanlar qədər özünə iman gətirənlər üçün də bir nifaq və qarşıdurma səbəbi olaraq qarşımıza çıxır. Oxşar dinə mənsub insanlar arasında tarixdə cərəyan edən qarşıdurmalar bunun ən konkret nümunələridir.
İstər kobud güc ehtiva edən fizioloji, istər otoriteryan, istərsə psixoloji-- şəkli və quruluşu nə olursa olsun - hər şiddət hərəkəti özünü mütləq bir mətnə dayandırır. Bu mətnin qaynağı; dini bir inanış, bir kult, ritual və ya bir müqəddəs kitab ola biləcəyi kimi siyasi və ya ideoloji bir bildiriş, bir ifadə, bir manifest ya da hər hansı bir arqument də ola bilər. Şiddətə müraciət edənlər, şiddət ehtiva edən rəftar və davranışlarını legitimləştirmək üçün bir dayanağa ehtiyac duyarlar. Rafa-əl Mosesin ifadəsiylə, " insanlar, planlanmış bir şiddət hərəkətini haqlı görməyə çalışaraq, vicdanlarını rahatlaşdırmaq məcburiyyətindədirlər."
Məhz bu nöqtədə, şiddət hərəkətinin əvvəlində, ya da sonrasında bu hərəkətin qanuni zəminini təmin edən bir mətn yaratmaq zərurəti qaçınılmaz olur. Bu mətnin meydana gəlməsində isə, müxtəlif sosial-iqtisadi, tarixi və ya mədəni reallıqlarla birlikdə dini arqumentlər dövrəyə girir. Beləliklə, terrora legitimlik qazandıran bu mətn edilən hərəkəti teroristin zehinində haqlı və lazımlı müqəddəs bir mənaya çevirir. Bu məzmunda adam, ətrafı üçün də, etdiyi hərəkətin haqlılığı və lazımlılığını əsaslandıran tezislərdən ibarət mətn təqdim edir.
Sosioloji tərəfindən yanaşıldığında, din ilə terror arasında birbaşa əlaqənin olub olmaması müzakirəsində Durkheimin fikirləri yada düşür. Durkheimin ümumi din nəzəriyyəsinə görə “Din ona iman gətirənlər birliyinin praktik həyatının əsasıdır. Din, məhz ona inanan cəmiyyətin müqəddəsləştirməsidir. Bu mənada din adına döyüşmək və şəhid olmaq müqəddəs vəzifələr olaraq ön plana çıxır” . Əslində, bənzər vəziyyətlər Yapon samuray mədəniyyətində də, Buddizmdə də vardır.
Bəlkə bu vəziyyət, dinlərdən çox, insanların problemidir?! Axı heç bir din şiddət və terroru birbaşa dəstəkləmir. Ancaq, digər tərəfdən hər dində var olan "şəhidlik" və "cihad" kimi insanın "özünü fəda etməsi" olaraq şərh olunan bəzi elementlər, dinin şiddətlə birlikdə xatırlanmasına əsaslı zəmin yaratmaqla problemin insandamı, yoxsa dindəmi olduğu tərəddüdündə “problemdə dinin heç bir rolu yoxdur” fikrini deməyin mümkünsüzlüyünü göstərir.
Günümüz dünyasında Şərqi Timorun Katolik adalıları ilə, İndoneziyalı müsəlmanlar bir-birlərini öldürürlər. Sudanda müsəlmanlar ilə güneyli xristianlar arasındakı bitməyən müharibə insanlıq tarixinin ən utanc verici qıtlığına gətirib çıxarmışdır. Əlcəzairdə radikal dindarlar terror əsdirir. Hindistanın Pəncab bölgəsindəki “Siqh” xadimləri “Saflıq Diyarı” adında bir utopik yer yaratmaq adına hindliləri yandırmaqdadır. Ruanda və Burundidə Tutsilər (Uzunlar) və Hutular (Qısalar) illərdir bir-birlərini qətl etməkdədir. Avropanın ortasında Bosniya Herseqovinada bir etnik təmizlik yaşanmışdır.
İsraildə müsəlmanlarla yəhudilərin qırğını illərdir davam edir. Şimali İrlandiyada katolik və protestant xristianlar illərdir bir-birlərini qırır. Türkiyədə əvvəllər yalnız PKK və "sol devrimci" terror hadisələri duyulurdusa, daha sonra Hizbullah terroru, indi də yeni əlavə olunan İŞİD terroru cəmiyyəti dəhşətə salmışdır. Böyüyərək cografiyasına sığmayan İŞİD artıq Avropanın mərkəzində Parisdə teraktlar törədir. Hindistanlı hindilərlə Pakistanlı müsəlmanlar “lazım gələrsə” söylədiklərinin sübutu uğruna qarşı tərəfə nüvə bombası atacaq qədər bir-birlərinə nifrət edir. Bütün bu hadisələr ona görə rellaşır ki, hər iki düşmən tərəf qarşılıqlı olaraq, məhz Tanrının belə istədiyindən əmindirlər.
Hal-hazırda işlənən cinayətlərin çoxunun etnik və mədəni faktorlardan qaynaqlanmasına baxmayaraq, altda yatan əsas səbəb fərqli kimlik daşıyan insanları düşmən olaraq qəbul edən və öz tərəfdarlarına vahid bir kimlik geyindirən inancdır. Hər inanc təməldə etnosentrik bir xarakter kəsb etdiyi, yəni ən doğru və ən mükəmməli təmsil etdiyi iddiasında olduğu üçün, "ondan olmayan"ı az və ya çox miaqdarda ikrah hissi ilə qarşılayır. "Mənsub olunan qrupun üstünlüyünə inanma" mənasını daşıyan etnosentrizm, əslində az və ya çox hər insanda var.
Ancaq bunun sıxlığı və şiddəti artınca fərdlər öz qruplarına ilahi bir müqəddəslik kimi yanaşar, digərlərinə qarşı da mənfi hisslər bəsləməyə başlayar. Bu vəziyyətin əsas səbəblərindən biri də, insanların ümumiyyətlə öz dinlərini mübahisəsiz qəbul etmələri, həqiqəti anlama və ona çatmaqda, dini inanclarından bir az güzəştə getdikləri anda varlıq səbəblərini itirəcəkləri qorxusuna qapılmalarıdır. Fərdlərin dini inanclarla bağlı məsələlərdə qarşısındakının haqlı olduğunu etiraf etmələri son dərəcə çətindir. Çünki belə bir etiraf bir sonrakı mərhələdə "elə isə nə üçün bu etirafın gərəyini yapmırsan?" şəklində ikinci sualı doğuracaq.
Dini mənsubiyyətinə az və ya çox bağlı olan bir adamın bunu qəbul etməsi demək olar ki, qeyri-mümkündür. Watt'ın da ifadə etdiyi kimi "heç kim, ən azından həqiqətin özünü təmsil etdiyinə inanmadığı bir dini qrupa asan-asan bağlanmaz ". Bu səbəbdən də "ondan olmayan" kimi təsnif etdikləri xarici dini qruplarla uzlaşan deyil, ayrılan istiqamətlərə diqqət çəkən hər dini qrup, özünün həm ən doğru, həm də ən fərqli olduğu iddiasını davamlı canlı tutmaq məcburiyyətindədir.
Bu da o birinin mənfi, hətta aşağılayıcı sifətlərlə qiymətləndirilməsinə yol açmaqdadır. Bu çərçivədəki inancın fanatizmə yuvarlanması qaçılmaz olunca, fanatikləşmiş fərdin də müqəddəsliyə qovuşmaq yolunda düşməni məhv etmək adına özünü fəda etməsi (terorist olması) günümüzün artan terrorizminin tükənməyən mənbəyinə çevrilir.
Din-terror ilişgisi ilə əlaqədar izahını verməyə cəhd etdiyimiz bu proseslər zamanla dinlər arasındakı kin və nifrəti alovlandıraraq “dini terror”, ya da "dini motivli terror "anlayışını ortaya çıxarmışdır.
Yuxarıda bir neçə dəfə vurğulandığı kimi ədəbiyyatda "din terroru", "dini terror", "Dini motivli terror" kimi anlayışlar istifadə olunur. Bir dini ənənə içərisində həddindən artıq uclarda yer alan marginal düşüncələr və ya inanc sistemlərinin bəzi davranışları, xüsusilə də təcavüzkarlığı müqəddəs hesab etməsi və ucaltması vəziyyətində ortaya çıxan terror hərəkətlərini izah etmək üçün bu anlayışlardan biri istifadə edilir.
Gəlin, biz də "dini motivli terror" anlayışını istifadə etməyi seçək və bunu da "dinin motivasiya etdiyi (religiously motivated)" mənasındamı, yoxsa "Dini görünüşlü (religiously appeared)" mənasındamı istifadə etməyi dartışaq. Bu, dinin terroru bəsləməsindən daha çox bəsləyən kimi göründüyü fikrinə üstünlük verməyi ehtiva edəcək. Şərtlər nə olursa-olsun, demokratiyanın əlifbası olan inanca sayğı prinsipini kənara qoymağa heç bir şeylə haqq qazandırıla bilməz.
Ancaq nə qədər ki, dini motivli terrorun səbəbləri olan İran, Misir və Səudiyyə Ərəbistanı mərkəzli radikal fikir axınları, müsəlmanlığın tək ümmət olduğu düşüncəsi, İslamın bu gün parçalanmış halda olduğuna inanma və bütününü təkrar meydana gətirmə, yəni Xilafəti qurma fikri, müsəlman cəmiyyətlərdəki qarşıdurmalar, İsrail-Fələstin problemi, İran İslam inqilabının əxz olunması kimi hədəflər ortada qalır, “Dini terror” termini “Dini görünüşlü” terror terminindən daha çox istifadə olunacaq.
P.S. Terrorizmin media olmadan yaşaya bilməyəcəyi aksiomdur. Terrorizm müasir dövrün əsas faktırı olması da daha çox bu vəziyyət ilə əlaqəlidir. Terror təşkilatları media sayəsində öz dəhşətlərini yaymaqla hədəflərinə çatırlar. Bu baxımdan terror baş verdiyində özü istəmədən terrorizmin ruporuna çevrilən mediada, çox sayda terrorun məqsədinə xidmət etməyən yazıların yazılmasına ehtiyac var.Terrorun nə qədər dəhşətli bir bəla olduğu hər halda hər kəsə aydındır. Terror qəzəbin nəticəsi ola bilməz. Terror qisasın da nəticəsi ola bilməz. Terror bütün insanlığa nifrətin nəticəsidir.

Dərc olunub 22 sentyabr 2015/ Meydan TV - Müəllif Elman Fəttah


Balanslı xarici siyasətdən diplomatık konfrantasiyaya


Əliyevin Qərbə göstərməyə çalışdığı “Mən məğlubedilməzəm”in əvəzinə Qərb də ona məglubedilməzliyinin qəbuledilməz olduğunu göstərməyə  qərar verib
Əliyevlər rejiminin 1995-ci ildən etibarən çox ciddi xarici siyasi dəstəyə malik olduğunu heç bir ciddi analitik inkar etməyib. Hələ Heydər Əliyev sağ ikən xarici siyasət haqda nitqinin bütün ağırlığını,  rejimin bütün təbliğat ruporunu,  hətta “zəhmətkeş” məktublarının mətnini “balanslı xarici siyasət” və “sabitlik” cümləsi üzərində qururdu.
Xatırlayanların yaxşı yadındadır ki, mərhum Əliyevin bütün avropalı qonaqlarla keçirdiyi görüşlərin mətbuata açıq hissəsi ilk cümlə siyasi sabitlik olmaqla, əsasən hüquqi, dünyəvi dövlət, demokratiya, mətbuat azadlığı, senzuranın ləğvi, Azərbaycanın Avropaya inteqrasiya arzusu, sahib olduğu bütün enerji resurslarının qərbə nəqli kimi ifadələrlə zəngin olardı. Əliyevin Rusiya və İranla görüşləri isə az qala diplomatik protokoldan uzaq, keçmişdə olan şəxsi dostluq münasibətlərinin xatırlanması fonunda deyib - gülmək şəraitində keçərdi. Rusiyalı qonaqlarla KQB və POLİTBÜRO dövrü xatırlanar, iranlı qonaqla isə 1991-1992-ci il Naxçıvan dövründə formalaşmağa başlayan “şəxsi qardaşlıq”  münasibətlərinin səmimiliyindən ağızdolusu danışılardı. Yalnız türkiyəli qonaqlar, Dəmirəl istisna olmaqla, qısa məzəmmət olunar, dərhal da Bakı- Ceyhan  layihəsi mövzusu ətrafında yalançı “iki dövlət, bir millət” şüarı səsləndirilərdi. Və ilk baxışdan bəsit görünən bu “diplomatiya” əslində, rejimin təqdimatındakı “balanslı xarici siyasət” idi.
 Ciddi analitiklərə  yaxşı məlum idi ki, uğurlu görünən bu xarici siyasət hansısa fenomenal diplomatik dühanın analoqu olmayan siyasi kursu yox, geostrateji və enerji maraqları təmin olunan ölkələrin acıq, amma sonsuz olmayan xarici dəstəyinin təzahürü idi.
Bu, “balanslı xarici siyasət” nağılı rejimi o qədər məst etmişdi ki, ikinci Əliyev dövrünə də “uğurlu siyasi kursun” sədaqətlə davam etdirildiyi təbliğatı ilə başlanıldı. Əslində narahatçılıq üçün elə bir əsas da yox idi. Çünki xarici siyasi dəstək, dişsiz protokol hesabatlarını, “dejurni bəyanat”ları nəzərə almasaq, əvvəllər olduğundan daha güclü və açıq idi.  2003-cü il  seçkiləri öncəsi ata-oğul “alternativ” namizədliyi, İlham Əliyevin baş nazir təyinatındakı komediyanı və seçkinin qalibi İsa Qəmbərin nəticələrinin İlham Əliyevin xeyrinə saxtalaşdırılmasını, hakimiyyətin atadan oğula ötürülməsi rüsvayçılığını dünyanın az qala ayaq üstə alqışlaması xarici dəstəyin həddini görməyə imkan verir.
Əsasən neft maraqları, əslində isə kompleks geopolitik maraqlar naminə formalaşan “xarici siyasi dəstək” sonsuz ola bilməzdi. (Ukrayna hadisəsi göstərdi ki, geopolitik status-kvo da, beynəlxalq təhlükəsizlik sistemi də bir anda dağıla bilər)
 Çünki rejimin Qərbi özünün SABİTLİK nağılına inandıra bildiyini düşünməsinə baxmayaraq, Qərb çox gözəl anlayırdı ki, Uzunmüddətli sabitlik legitimliyin demokratik proses nəticəsində təsdiqləndiyi halda olur. Bu, o qədər aydın düsturdur ki, hətta qəti siyasi dəstəyin verildiyi vaxtlarda belə, Qərb bu həqiqəti Əliyevlər rejiminə pıçıltılı səslə də olsa xatırladırdı. Amma bu xatırlatmaları danışıqların bəsit protokol cümlələri hesab edən rejimin zaman keçdikcə, bu cümlələrdən necə qeyzləndiyinin şahidi olmağa başladıq: Dəstəyin zəifləyib, tələblərin sıralanmağa və eşidilə bilən tonda tələffüz olunduğu vaxtlardan.
 2005-ci ilin yazından etibarən biz bu dəstəyin yumşaq tövsiyələrlə başlayıb artan təzyiqlə davam etdiyini açıq şəkildə müşahidə edə bilirik. İlk illər, 2005 -2007- ci illər dövründə  ikinci Əliyevə olan təzyiqləri biz şərti olaraq “islahat naminə səmimi qınaqlar”, ya da “inandırma yolu ilə reformalara sövq etmə” kimi xarakterizə edə bilərik. Buna misal kimi həm 2003-cü repressiyası zamanı həbs edilmiş nüfuzlu siyasi məhbusların 2005-ci ilin yazında  həbsdən buraxılmasını və sürətli şəkildə üzərilərindəki məhkumluğun qaldırılaraq parlament seçkilərinə qatıla bilmələrinin önünün açılmasını, həm də payızda keçiriləcək seçkilərin “azad” keçiriləcəyinə vəd kimi 2005-ci ildə İlham Əliyevin “Yerli icra hakimiyyətlərinin seçkilərə müdaxiləsini qadağan edən və seçicilərin barmaqlarının boyanması haqda” fərmanını göstərmək olar. Başlanğıcda hər şey yaxşı görünürdü və Qərblə bərabər bir sıra yerli siyasətçilər də islahatlar qatarının yola çıxdığını düşünməyə başlamışdı. Ancaq cəmi üç ay sonra  2005-ci ilin senyabrında iki nazirin müxalifətlə işbirliyinə girərək, Qərbin ”Narıncı” inqilabına dəstək vermələri iddiası və çevrilişə cəhd ittihamı ilə həbs olunmaları, bu ssenarinin Kremldə hazırlanıb Bakıda icra olunduğuna hamı əmin olanda, hamı həm də ona əmin oldu ki, adına balanslı xarici siyasət deyilən siyasi kurs ikinci Əliyevin yanaşmasında yaşaya bilmir, bitəcək!
Yeni siyasi kursun adı  özündə monarxist elementlər daşıyan, istiqamət olaraq ərəb rejimlərinə bənzəyəcək “HEYDƏRİZM” olacaqdı.
Və bunun məntiqi davamı kimi Qərbin  siyasi dəstəyi də, əlbəttə bitməyə məhkum idi!
İmitasyon demokratiyadan Tiraniyanın mağarasına doğru
Sonrakı dövrlərdə biz Qərb siyasi dairələrinin sanki ölü susqunluğunu müşahidə etməyə başladıq. Nə 2008-ci ilin real alternativsiz prezident seçkiləri ilə bağlı, nə də 2009-cu ildə keçirilən Azərbaycan dövlətçiliyinin respublikaçılıqdan sülalə idarəçiliyinə keçidini, bir nəfərin məhdudiyyətsiz müddətə ölkəyə rəhbərlik etməsini rəsmiləşdirən, ərəb və Orta Asiya coğrafiyasına xas Hüsnü Mübarək, Nazarbayev və Bəşər Əsəd yolunu açan maddə dəyişikliyi ilə əlaqədar referendum zamanı da Qərbin hər hansı yadda qalan qətiyyətli açıq mövqeyinə rast gəlmirik. Bu susqunluğun 2005-ci ildən  2010-cu il parlament seçkilərinin saxta nəticələrinə - son 20 ildə ilk dəfə olaraq müxalifətsiz parlament formalaşdırılmasına qədər olan dövrdə qapalı təzyiq kimi davam etdiyini biz yalnız bir siyasi hadisə ilə; ABŞ-ın bir ildən artıq müddətə Azərbaycana səfir gondərməməsi ilə xatırlayırıq.
Ancaq qəfildən “wikiliks” hadisəsi ilə ən gizli sənədlərin ortaya tökülməsi zamanı biz bir sıra yeni həqiqətlərlə də tanış olmağa başladıq. Əlbəttə açılan sənədlərdə biz İlham Əliyevi necə tanıyırıqsa, elə o imicin təsdiqi faktları əsasən çoxluq təşkil edirdi. Buna misal kimi, İlham Əliyevin Amerikanın vitse- prezidenti Baydenlə danışığı zamanı Rusiya haqda, Putinlə Medvedyevi  müqayisə edərkən “iki qoçun başı bir qazanda qaynamaz”, Türkiyə haqda “mən imkan verməyəcəm Türkiyə enerji mərkəzinə çevrilsin” kimi, sonradan ciddi-cəhdlə danmağa çalışdığı cümlələrini göstərmək olar. Amma bundan az əhəmiyyətli olmayan isə ABŞ-ın o zamankı səfiri Enn Ders ilə görüşündə ona “...siz 2003-cü ildən bəri məni rəsmi prezident kimi qəbul etmirsiniz....” , “... mənə təzyiq etmək istəyirlər, ancaq ABŞ-dan başqa heç kimi buna haqqı yoxdur..” cümlələrinin olduğu mətnlərdir. Hər halda ABŞ rəsmilərinin qapalı görüşlərdə İlham Əliyevə “Mr. President” yox, “Mr. Aliyev” deyə müraciət etmələri münasibətlərin necəliyinə işıq tutur.
Buradan göründüyü kimi, bizim ölü susqunluq deyə xarakterizə etdiyimiz dövr,  əslində qapalı görüşlər zamanı necə qarşılıqlı ittihamlar, amma həm də İlham Əliyevin ABŞ-ın təzyiq etməyə haqqı olduğunu etiraf etdiyi nüanslarla dolu imiş. Sadəcə olaraq eyni dövrdə paralel davam edən “kürü diplopatıyası” da rejimdə qəti əminlik yaratmışdı ki, qapalı təzyiqlərə baxmayaraq  güclü dövlətlərin iqtisadi maraqlarını təmin etdikdən sonra ölkədə sülalə hakimiyyətini reallaşdırmaq yolunda qəti qələbəyə nail olmaq mümkündür. Bunun ən samballı əsası isə ərəb coğrafiyası idi. Onsuz da o coğrafiya tiraniyanın mağarası idi və heç kim, heç bir siyasi araşdırma ərəb tiraniyalarının dağılacağını, yaxud da dağılması üçün əsasların yarandığını iddia etmirdi.
Rejimin bütün bu arxayınlığı  ərəb coğrafiyasında gözlənilməz inqilabların baş verməsinə qədər davam etdi. Bu inqilabların başlaması, xüsusilə də ilk günlərdə rejimdə tam bir apatiya vəziyyəti yaratdı, tiraniyanın mağarası dağılmışdı. Həmçinin, daxildə tam məhv edilməsi mümkün olmayan əzmkar siyasi müxalifətin əvvəlki dövrlərlə müqayisədə seçki sonrası dərin məyusluğun əvəzinə, bu dəfə  seçki sonrası rejimin qəbul edilməyən legitimliyini sanksiyalaşdırmaq yolunu tutaraq İctimai Palata formatında təşkilatlanma cəhdləri qısa zamanda beynəlxalq qüvvələrin diqqət mərkəzinə yerləşməsinə, nominal da olsa, “potensial iqtidar” imicinə iddialılığı, bir tərəfdən rejimin psixoloji məğlubedilməz mifini dağıdırdısa, digər tərəfdən xarici siyasi dəstəyin bitməyə başladığı zamanda  dalana dirənməyin astanasında olduğu reallığını rejimin dərk etməsinə, “Azərbaycanda siyasi dəyişiklik şərtidirmi? Qətidirmi?” dilemmasını yaşayanları isə ən azı düşünməyə sövq edirdi. Məhz həmin zamanda biz son 20 illik həyatını, (bəzilərinin gəncliyini, bəzilərinin alimliyini, bəzilərinin isə dünyaca məşhur “azərbaycanlı”lığını) Əliyevlərə xidmətə həsr etmiş kəslərin cinah dəyişərək, anti-rejim cəbhəsində yer almasını, təşkilatlanmağa çalışmalarını izləyirdik. Daha sonra bu təmərküzləşmə 2013-cü ilin prezident seçkilərinə doğru “Milli Şura” formatında başlanğıcda böyük ümidlər doğursa da, 2013-cü ilin may ayında Milli Şuranın platformasına Müsavat Partiyası tərəfindən təklif edilən “avrointeqrasiya” xəttinə Rüstəm İbrahimbəyov qanadının məlum etirazını,  bir çoxunun “Kreml veto”su dediyi, skandalı yaşadı. (Ümumiyyətlə, həmin vaxtı “Rusiya təhlükəsi” yanaşmasını məsxərəyə qoyanlar bir neçə ay sonra Ukraynada baş verənləri izlədiyində utandılarmı görəsən? Üstəlik 1918-ci ildə Cümhuriyyətin elanı və 1991-ci ildə  müstəqilliyin bərpası zamanı bəyan olunan “Azərbaycan öz inkişafını və milli təhlükəsizliyini avrointeqrasiyada görür” devizi əslində avropalaşmanı  Cümhuriyyətimizin quruluş fəlsəfəsinə yerləşdirib.)  Putinin Bakı səfərindən sonra isə “Mili Şura” özünün Rusiya vətəndaşı olan vahid namizədinin gəlişinin mümkünsüzlüyü reallığında ciddi nüfuz itkisi ilə üz-üzə qaldı. Və  əvvəllər süngü ilə qarşılanan “Ehtiyat Vahid Namizəd” təklifinın nəhayət, qərara çevrilməsi sayəsində  Milli Şuranı dalandan çıxarmaq mümkün oldu. Cəmil Həsənlinin namizədliyi ilə kifayət qədər uğurlu seçki kampaniyası aparıldı. Amma son dərəcə həssas bir dövrdə itirilən imkanlar seçki qabağı mütəşəkkil beynəlxalq dəstəyin də  itirilməsi isə nəticələndiyinə görə daxili müqavimətlə, beynəlxalq təzyiqin harmoniyası alınmadı.


(Rejim özünə “məğlubedilməz”, Qərb isə ona “qəbuledilməz” deyir )
  2010-2013-cü illər  artıq Azərbaycanın yeni siyasi dövrə qədəm qoyduğu, Qərb siyasi dairələrinin “Azərbaycanda rejim dəyişməlidirmi” sualına cavab axtardığı dövr yox,  “dəyişikliyin ən optimal variantı hansıdır” sualına cavab axtardığı dövrdür.
Son 2-3 ilin hadisələrindən sonra biz aydın şəkildə görə bilirik  ki, İlham Əliyevin Qərbə göstərməyə çalışdığı “Mən məğlubedilməzəm”in əvəzinə Qərb də ona məglubedilməzliyinin qəbuledilməz olduğunu göstərməyə  qərar verib. Bunun ən bariz nümunəsi Qərbin, İlham Əliyevlə münasibətlərdə əvvəlki dövrlərdən fərqli olaraq insan haqları və xüsusi ilə də siyasi məhbus məsələsində “daha güzəşt olmayacaq” mesajlarıdır.
  Qərb vahid komanda şəklində nümayiş etdirir ki, İlham Əliyevlə münasibətləri bitirməkdə tərəddüdü yoxdur.
Məhz bu tərəddüdün aradan qalxması fonunda biz, Qərbin Azərbaycana münasibətdə “demokratiyaya inandırma yolu ilə islahatlara  cəlb etmə” siyasətindən “dəyişikliyə məcbur etmə” siyasətinə keçidini, proparsional olaraq da İlham Əliyev hakimiyyətinin Putin Rusiyasının protektanlığına dogru sürətləndiyini izləyirik.
Bu siyasət Azərbaycana nə vəd edir? Cavab sadə deyil.  
2013-ci ilin sonunda baş verən “assosiativ saziş” hadisəsinə qədər, hətta “Maydan” hadisələrinin başlanğıcında belə əksəriyyət bu qənaətdə idi ki, Yanukoviç müəyyən qədər Rusiyaya yaxınlığı ilə seçilsə də, Ukrayna daha çox Avropadır. Ukraynanın tamamilə   Rusiyanın nəzarətində olması iddiaları ciddi qəbul edilmirdi. Amma hadisələrin sonuna doğru məlum oldu ki,  Ukraynanın nəinki hökuməti, nəinki ordusu, bütün bürokratiyası Kremilin əmrindədir! Belə bir halda Azərbaycanda vəziyyətin nə ölçüdə Kremlin nəzarətində olduğunu təsəvvür etmək çox çətindir. Rejimin ölkəni III işğala, Putin Rusiyasının boyunduruğuna doğru apardığını kim görmür ki?!
Əvvəlcə Qərb-Azərbaycan münasibətlərinə, bu münasibətlərin xüsusilə də iqtisadi yöndən nə qədər dərinliyə işlədiyinə nəzər salaq. AP-nin son qətnaməsi fonunda biz yalnız Azərbaycanın heç üzvü belə olmadığı Avropa ittifaqı ilə əlaqələrinə göz ataq. O zaman rejimin lazım gəlsə Avropa ilə  əməkdaşlığı dayandıraraq hədələri reallaşarsa, ölkəmizi hansı dağıntıların gözlədiyi haqda təsəvvürlərimiz yaranacaq:
1991-ci ildə müstəqillik qazandıqdan sonra Avropa İttifaqı Azərbaycan iqtisadiyyatına yardım göstərən əsas donorlardan biridir. Bu müddət ərzində Aİ ilə münasibətlər “MDB ölkələrinə texniki yardım” (TACIS), “Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi” (TRACECA), “Avropaya neft və qazın nəql edilməsi üzrə dövlətlərarası proqram” (INOGATE), “Humanitar yardım” (ECHO) və digər proqramlar çərçivəsində Azərbaycan dövlətinin inkişafı üçün təminatlı geniş imkanlar pəncərəsi yaratmışdır. Azərbaycan Respublikası  ilə Avropa İttifaqı  arasında münasibətlərin hüquqi əsası 22 aprel 1999-cu ildə Lüksenburqda Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin (TƏS) imzalanması ilə qoyulub. Bu saziş siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı nəzərdə tutur. Onun əsas məqsədlərindən biri Azərbaycan qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılması və hüquq sisteminin müstəqilliyinin reallaşdırılmasını təşkil edir.
2004-ci ildə qoşulduğumuz Avropa Qonşuluq Siyasəti (AQS) isə ölkəmiz üçün aşağıdakı imkanlar deməkdir:
- siyasi, iqtisadi və inzibati islahatların həyata keçirilməsi və birgə dəyərlərə hörmət edilməsində konkret irəliləyişə nail olunması müqabilində Aİ-nin daxili bazarında müəyyən paya sahib olma imkanı.
- vətəndaşların, əmtəələrin, xidmətlərin və kapitalın sərbəst dövriyyəsini təmin etmək məqsədilə gələcək inteqrasiya və liberalizasiya proseslərində iştirak.
2009-cu ildə qoşulduğumuz Şərq Tərəfdaşlığı (ŞT) təşəbbüsü Aİ Xarici İşlər Nazirlərinin 26 may 2008-ci il tarixində Brüsseldə keçirilmiş görüşü zamanı Polşa və İsveç tərəfindən irəli sürülmüşdür. Şərqi AQS ölkələri üçün vahid formatın təsis edilməsini nəzərdə tutan sözügedən təşəbbüs Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarusu (Şərq tərəfdaş ölkələri) əhatə edir.
ŞT Aİ və Şərq tərəfdaş ölkələri arasında münasibətlərin daha yüksək səviyyəyə qaldırılması, mövcud əməkdaşlığın ikitərəfli və çoxtərəfli formatda davam etdirilərək genişləndirilməsini nəzərdə tutur. Belə ki, Aİ və hər bir tərəfdaş ölkə arasında daha sıx əlaqələrin yaradılması məqsədilə ikitərəfli format çərçivəsində mövcud Tərəfdaşlıq və Əməkdaşlıq Sazişləri əvəzinə yeni, assosiasiya sazişlərinin imzalanması, tərəfdaş ölkənin Ümumdünya Ticarət Təşkilatına üzv olduğu təqdirdə onunla dərin və müfəssəl azad ticarət zonasının yaradılması, həmçinin vizaların tədricən liberallaşdırılması, tərəfdaş ölkələrin və Aİ-nin enerji təhlükəsizliyinin gücləndirilməsi məqsədilə daha dərin əməkdaşlığın həyata keçirilməsi və s. planlaşdırılır.
“Şərq Tərəfdaşlığı” Azərbaycanın Avropaya inteqrasiyasına geniş imkanlar açsa da, geridə qalan müddətdə rəsmi Bakı demokratiya, siyasi islahatlar və üzərinə götürdüyü digər öhdəliklərlə bağlı heç bir addım atmayıb. “Şərq Tərəfdaşlığı” çərçivəsində yaradılan parlament birliyinin rəsmi sənədində də deyilir ki, bu proqramın tərəfdaşları gələcəkdə Avropa Birliyinə üzv ola bilərlər.
Aİ ilə əlaqələrin genişlənməsinin ölkədəki avtoritarizmin əlini-qolunu bağlayacağı reallığından çəkinərək, dövlətimiz üçün belə bir uğurlu imkanlardan maksimum faydalanmaq əvəzinə,  rejim əbədi hakimiyyət maraqları naminə bu imkanları geri çevirir.
İndiyə qədərki dövrdə rejim bu əməkdaşlıq münasibətlərini yalnız enerji əməkdaşlığı müstəvisində çərçivələyib. Digər qanunvericilik, siyasi islahatların icrası dondurulub. Hətta bu halda belə əlaqələr o qədər şəbəkələşmiş, dərinləşmiş vəziyyətdədir ki, bu əlaqələrin dayandırılması  ölkə iqsadiyyatının dağıntılar altında qalması ilə nəticələnər. 

Siyasi partiyalara, mediaya, ayrı-ayrı jurnalistlərə, vətəndaş cəmiyyətinə qarşı tətbiq edilən sistematik repressiya vəziyyətin nə dərəcədə ağır olduğunu göz önünə sərir. Məhz indi  Qərbin real rıçaqlarını, üst “elita”ya qarşı sanksiyaları işə salması son dərəcə zəruridir. Qərb öz siyasətini elə qurmalıdır ki, nəticədə Avropadan uzalaşdırılan Azərbaycan yox, yalnız rejimin özü olmalıdır.