Bu Blogda Ara

14 Şubat 2017 Salı

Düstur budur

Dəırc olunub: Bastainfo: 14.02.2017
Əslində düstur budur: Heç vaxt həbs olunmaq üçün çalışmırsan. Heç vaxt həbs olunmamaq üçün əyilmirsin.
Yenə “tövsiyyələr” başlayıb. Əsasən də içi ittihamla dolu olan (çirkin). Bir ifşa hadisəsi növbəti fürsət olub.
Bir istiqamətdə həbs olunanları şüphə altına almaq, bir istiqamətdə həbs olunanların çəkdiyi əziyyətlər üzərindən həbs olunmayanları mənəvi-siyasi tənə altında buraxmaq. Başqa tərəfdən mübarizəyə görə həbsə məruz qalmanı mənasız adlandırmaq. “İcidlik 10-dur, 9-u qaçmaq””, “Gördün zorlanırsan, başla zövq almağa” və sair və ilaxır.
Azərbaycanda vəziyyətin çox ağır olduğu, avtoritarizmin meydan suladığı hər kəsə aydındır. Rejimə qarşı mübarizənin bütün siyasi imkanları “Polis gücü” girovluğundadır. Ənənəvi siyasi sistematika işləmir. Təşkilatlanma mühiti yoxdur. Həm Siyasi Partiyaları, həm də mübarizənin özünü ayaqda tutan əsas resurs (Moral Voice) şəxslərin cəsurluğu və ləyaqətli duruşu sayəsində ortaya çıxan mənəvi gücdür. Məhz bu mənəvi güc sayəsində, məsələn “müsavatçılıq” əksəriyyət üçün siyasi əqidə,ideya, dəyər, hətta üst kimlikdir. Bir sözlə, demokratiya uğrunda mübarizədə mənəviyyat birinci şərtdir. Mənəviyyatsız demokratiya yoxdur.
Bu aydın həqiqətin “fövqündə” dayanan ağıllılar isə sanki insanları iki seçimə yönəltməyə çalışırlar. Mübarizə budur:
1. Gərək həbs olunasan, əks təqdirdə, deməli şüphəli nəsə var.
2. Çalış həbs olunma. Gördün belə təhlükə var, bir az “aşağı əyil”, təhlükə keçəndən sonra dikələrsən.
Birincisi küt maksimalizm olduğu kimi, ikincisi də mənəvi gücü heçə sayan sırtıq makiavelizmdir. Ləyaqət dışıdır.
Əslində düstur budur: Heç vaxt həbs olunmaq üçün çalışmırsan. Heç vaxt həbs olunmamaq üçün əyilmirsin. Seçim rejimindir. Həbs etmək, ya etməmək. Sənin seçimin haqsızlığa, avtoritarizmə qarşı sistemli, ardıcıl və ləyaqətli mübarizədir.

10 Şubat 2017 Cuma

İfadə azadlığı və Fikir “bazarı”

Dərc: Bastainfo.com  
İfadə azadlığı mövzusunun akademik müzakirəsi  Lapşin hadisəsi ilə ciddi aktuallıq qazanıb. Hüquqşünaslar bununla baglı hüquqi baxışlarını yazırlar. Mən bu mövzuda  sırf hüquqi yox, daha çox demoktatik təfəkkürdə bu hüquqa baxışın necəliyi haqda fikirlərimi bölüşəcəm.
Hər cür fikrin sərbəst yayılması həqiqətin qalib gəlməsiylə nəticələnəcək. ticarətdə (“keyfiyyət”) olduğu kimi, fikir məhsullarında da (“yaxşılara”) rəqabətli bir bazara ehtiyac vardır. Hər fikir sərbəst  “bazar”da bir-biriylə yarışmalıdır ki,  “həqiqət” ortaya çıxsın. Əgər bu rəqabətə icazə verilsə doğru fikirlər enində sonunda qalib gələcəkdir.
İfadə azadlığı demokratiyaların  təməl daşlarından biridir. Geniş mənada ifadə azadlığı  düşüncənin, inancın, qənaətin, dinc şəkildə  izharıdır. Bu mənada, ifadə azadlığı şifahi və yazılı izahat, bədii göstəriş, fərdi görünüş və görünüş seçimi, nümayiş,  yığıncaq etmə və təşkilatlanma kimi azadlıqların hamısını içinə alır. Yəni, İfadə Azadlığı yalnız kitab, məqalə, roman və hekayə yazmaq deyil;  eyni zamanda  rəsm çəkmək, heykəl düzəltmək, teatr tamaşası qoymaq, müəyyən bir stildə geyinmək,  nümayişə, yığıncağa qatılmaq. Bir sözlə, ifadə azadlığı  fərdi və ya kütləvi ifadə azadlığının tamamını özündə ehtiva edir.
Bütün əsas hüquq və azadlıqlarda olduğu kimi  ifadə azadlığı da özlüyündə siyasidir.  Yəni ilk növbədə ictimai basqıdan, ikinci növbədə isə ifadə azadlığını əslində ictimai basqıdan qorumalı olan dövlətdən (azadlıqlardan uzalqlaşan) qorunmaya möhtacdır.
İfadə azadlığı demokratiyanın “olmazsa olmaz” şərtidir. Çünki, yalnız  ifadə azadlığı cəmiyyətdə faydalı  qənaətin meydana gəlməsini və ictimai müzakirənin varlığını mümkün edir.  Bu, demokratik məqsədlərin reallaşması baxımından əvəzolunmazdır. Bu baxımdan demokratiyanın ucu açıqdır. Desantralize hadisəsidir.Əksinə demokratiya “Mərkəzdən idarə olunan” formaya salındığında,  fikirlərin sərbəst ifadə edilmədiyi  bir cəmiyyətdə ictimai məsələlər haqqında sağlam məlumat – fikir almaq və nəyin cəmiyyətin yaxşılığına olduğunu hamı ilə birlikdə təsbit etmək mühitini yaratmaq mümkün olmur.16593844_10206245678859604_1798121602_o
Bu çərçivədə ictimai tənqid (ictimai nüfuzluların açıq-aşkar tənqid olunması) demokratiyanın mühüm təməl daşıdır. Demokratik ictimai müzakirə ancaq azad tənqid və qanuni müxalifət sayəsində mümkündür. Tənqid yoxsa qanuni sayılan  müxalifət də yoxdur. Bunun tərsi də doğrudur. Liberal-demokratik bir cəmiyyətdə kimin haqlı və nəyin doğru olduğuna qərar vermənin yeganə qanuni yolu tənqid və sorğulama yolu ilə hər kəsin hər kəsə nəzarət etməsinə dayanan ucu açıq ictimai mübahisənin mövcudluğudur.
İfadə azadlığının sərhədləri
İfadə azadlığının liberal-demokratik təfəkkürdə  imtina edilməsi mümkünsüz dəyər olduğu barəsində qəti konsensusun  olması ilə yanaşı, bu azadlığın əhatəsi və sərhədləri mövzusundakı baxışlar fərqlidir. Bir baxışda ifadə azadlığının hüdudsuzluğu və məhdudiyyətlərə ram edilməməsi əsaslı şəkildə müdafiə olunursa, digər baxışda ancaq sülhsevər ifadənin qanunla qorunması,  şiddəti təhrik və təşviq edən düşüncə şərhlərinin, qorunmaq bir yana, hətta cinayət şəklində  sanksiyalaşdırımalı olduğu ağır basır. Məsələn, təhqir və böhtan bugünkü hüquq nizamlarının çoxunda qadağan edilib. Xüsusilə də pornoqrafiyanı ifadə azadlığının kənarında tuturlar.  İlk baxışdan bu hissə İfadə azadlığına “zərərli məhdudiyyət” kimi görünsə də, etnik və ya dini birlikləri,  cinsi ayrıseçkiliyi alçaldan düşüncə əksinə, “faydalı məhdudiyyətlər” (legitim məhdudiyyət) sırasına aid edilir.
Bir neçə nümunə verməli olsaq, 1989-ci ildə Avstraliyada, 1990-ci ildə Fransada, 1992-ci ildə Avstriyada irqləri pisləməyi – aşağılamağı,  və ya Holokostu inkar etməyi qadağan edən və bu xarakterli ifadələri cinayət sayan qanunlar qəbul edilib (nümunələri artırmaq da olar).
Digər məhdudiyyət demokratik cəmiyyətdə dövlət təhlükəsizliyinin,
ərazi bütövlüyünün qorunması naminə ifadə azadlığının məhdudlaşdırılmasının mümkünlüyüdür. Bu, Avropa İnsan Haqları Konvensiyasının (10-cu maddə) aydın norması kimi də tətbiq olunduğu üçün daha çox hüquqi dartışma mövzusu kimi görünsə də milli təhlükəsizlik və ərazi bütövlüyü anlayışları ilk növbədə dövlətin varlığının təməlində dayanır. Dövlət təfəkkürü ilə “hüquq üstü” məsələdir.  Dövlətin özünü qoruma instikti hadisəsidir. Hal-hazırda Lapşin mövzusundakı çaxnaşma da məhz bu baxışdan qaynaqlanır.
Mən bu məsələdə hadisəyə “Hansı Dövlət?” və “O nə istəyir?” prizmalarından baxmağın tərəfdayıam.
Məncə, bu hadisədə bizim hökümətin davranışı dövlət instiktindən, yəni legitim imkanlardan yaralanaraq, dövlət suverenliyi gücünün şəxsə nümayişindən daha çox, təfəkkürcə düşməni olduğu ifadə azadlığına əsaslı hucum fürsətindən zövq aldığını göstərir.
Məsələ Lapşinin ifadə azadlığına müdaxiləsindən getmir. (Hüquqçular bu hadisədə ifadə azadlığının itdiyini kifayət qədər əsaslandırıblar) Siyasi baxımdan Lapşinə belə hüquq uydurmaqdan uzağam.  Sadəcə bütün beynəlxalq hesabatlarda hüquq sistemimiz barədə  “müstəqil olmayan siyasiləşmiş  məhkəmə” ittihamlarının göydə uçuşduğu bir vaxtda  nəticə etibarı ilə Lapşin olayı nəinki ərazi bütövlüyü həssaslığımıza töhvə verəcək, əksinə, biz “Dağlıq Qarabağın Azırbaycanın ərazisi olması mübahisəlidir, Lapşin hansı sərhədi pozub? ” mövzusunda daha açıq və zərərli  xeyli siyasi-diplomatik yanaşmaların şahidi olacağıq.

22 Ocak 2017 Pazar

Dini, yoxsa dini görünüşlü terror?

Dərc olunub: 16.11.2015 Meydan TV
Dini motivli terrorun tarixi çox qədimlərə dayanır. Bilinən ən qədim terror hərakatlarından olan "Sicarii" Orta Şərqdə, bu günki İsraildə ortaya çıxıb. I əsrin 60-70-ci illərində bəzi radikal din adamlarının indiki Fələstində qurduğu , son dərəcə yaxşı təşkilatlanmış dini məzhəb olan "Sicarii" düşmənlərinə gündüz və xüsusən də tətil günləri Qüdsdə izdiham anında basqın edirdi. Silahları isə "siçan" deyilən və libaslarının içində gizlətdikləri kiçik bir qılıncdı. Başlıca fəaliyyətləri isə, Herodian rahiblərinin monastırlarını məhv etmək, borcların geri alınmasının qarşısını almaq üçün faizçilərin (kim istəsə bunu da ədalət uğrunda cihad adlandıra bilər. E.F.) sənədlərini və dövlətin arxivlərini məhv etmək, buğda ambarlarını yandırmaq və Qüdsün su kanallarını məhv etmək olub.
Terror sözünə Fransız İnqilabı tarixində də rast gəlirik. Fransız İnqilabının ilk illərində hüdudsuz qanunverici səlahiyyətlərə sahib Convention (Convention nationale), ölkənin xarici güclər tərəfindən işğal edilməsinə duyduqları narahatlığa görə və daxildəki vətəndaş narahatlığının inqilaba zərər verə biləcəyini düşündükləri üçün fövqəladə tədbirlər görməyə qərar verirlər. Bu məqsədlə ictimai təhlükəsizlikdən məsul Komitəni (Comité də salut public) az qala diktatorluğa çatan səlahiyyətlərlə təchiz edirlər. 5 Sentyabr 1793 də Convention bir bəyanat ilə inqilab əleyhdarlarına qarşı Terroru (la Terreur) elan edir: "Sui-qəsdçiləri dəhşətə salmanın zamanı gəldi. Hüquq adamları, Terroru başladın." Cəmiyyət təhlükəsizliyindən məsul komitənin başındakı Maximilien Robespierre Terrorun alovlu müdafiəçisi kimi bir il sonra, 28 İyul 1794 də despotluq günahından edam edilənə qədər minlərlə adamın edamına rəhbərlik edib.
Bunu xatırlatmaqda məqsədim odur ki, kimlərsə müsəlman olmayanlara qarşı törədilən terror aktlarını müdafiə edərkən bu faktlardan arqument düzəltməsin. Bunu hamı bilir və lənətləyir. “Xaç yürüşləri” nə dərəcədə insanlıq faciəsi idisə, onun əksi də o dərəcə də insanlıq faciəsidir. Keçmişdə qərblilərin özlərinə qarşı törətdikləri hansı həddə barbarlıq idisə, indi müsəlmanların özlərinə qarşı törətdikləri də eyni barbarlıqdır. Çağdaş cəmiyyətlərin keçmişdə qalan vəhşilikləri sizin bu günkü vəhşiliyinzə haqq qazandırmır, əksinə sizi lənətlədiyiniz o keçmişlə eyniləşdirir.
Terror nədir?
• Terror, ya da terrorizm, siyasi, dini və ya iqtisadi hədəflərə çatmaq məqsədiylə vətəndaşlara; rəsmi, yerli və ümumi rəhbərliklərə istiqamətli təzyiq, qorxutma və hər cür şiddət ehtiva edən yolun istifadəsidir. Terror tətbiq edən terror təşkilatı; terror tətbiq edən şəxslərə isə terrorçu deyilir. Terror sözü Latın mənşəlidir. Mənası "qorxudan titrəmə" və ya "titrəməyə səbəb olma" dır. Fransız lüğətində terror "Bir cəmiyyətdə bir qrupun xalqın müqavimətini qırmaq üçün yaratdığı ortaq qorxu" kimi izah edilir.
• Dini terrorizm, özünə dini inancları zəmin aldığını iddia edərək dünyada edilən hər cür fitnə-fəsad hərəkətlərinin ümumi adıdır. Krallıqların çöküşü və milliyətçiliyin yüksəlişinə şahidlik edən müasir dövrdə, terrorizm daha çox anarxizm və nihilizm ilə inqilabçı düşüncələrə əsaslanıb. Ancaq din qaynaqlı terror aktları 1980-ci ildən sonra demək olar ki, birinci sıraya çıxıb.
Terror siyasi həyat, iqtisadi sistem, sosial, mədəni və etnik quruluş və insan hüquqları kimi mövzularda problemlərin ortaya çıxmasına yol açan əhəmiyyətli bir faktor, ya da onsuz da bu problemlər varsa bunların həll olunmasının önündəki ən böyük maneədir. "Dini motivli terror" isə son illərdə bir çox ölkədə ciddi problemə çevrilib.
Din ilə terror arasında əlaqənin olub olmadığı mübahisəsi tarixən davamlı olub və hələ də davam edir. Mübahisənin “kimlərin qələbəsi ilə” başa çatacağı məlum olmasa da, mübahisə tərəflərinin istifadə etdiyi iki anlayış,"Dini terror" və "Dini motivli terror" anlayışları terror literaturunda öz yerini möhkəmləndirib. Din, ya da inanca mənsub cəmiyyətlərdə Yəhudilik, Xristianlıq və İslam dini adına terror hərəkətlərinin baş verməsinə tarix boyunca rast gəlinib və hələ də nümunələri artaraq davam edir.
"Din" və "terror" anlayışlarının bir arada tələffüz edilməsi və edilən hərəkətlərin xüsusiyyəti "dinin terroru bəslədiyi" şəklindəki qənaətləri gücləndirsə də, bunun "bəsləmək" ya da "dəstəkləmək" dən daha çox "bəsləyən kimi görünmək" şəklində başa düşülməsi daha doğru olacağı fikirləri də va. Gəlin, o fikirlərə də diqqət edək. Qısacası, dini motivli terrorun dinin terroru dəstəkləməsi və ya bəsləməsindən daha çox, bir dinə mənsub adam və ya qrupların etdikləri zülmə legitimlik qazandırmaq üçün dini istifadə etmələrinin bir nəticəsi olaraq ortaya çıxması yanaşması, inanclı insanların terroru özlərindən kənar tutmalarının bir təzahürü kimi ən azından süngü ilə qarşılanmamalı gerçəklikdir.
Çünki ümumi qəbul edilən yanaşma, dinlərin cəmiyyətdə terror mühitinin meydana gəlməsinə dəstək verməsi yox, inanclı şəxslərin etiqadını dinc şəkildə ifadə etməsi yanaşmasıdır. Dolasıyla "dini terror" yerinə "dini motivli terror "demək daha doğru olacaq. Mübahisəni terroru "dinin motivasiya etdiyi" (Religiously motivated) müstəvidə deyil, "dini görünüşlü (religiously appeared) terror” müstəvisində etmək daha uyğun yanaşma olar. Bəlkə hər iki mənanı da ehtiva etməsi məqsədiylə "dindən bəslənmiş kimi görünən terror" şəklində də terminləşdirmək olar.
Məncə, əsas məqsəd "dini motivli terror" anlayışınının, yazılışının doğru olub- olmadığından tutmuş, nə ifadə etdiyi və nəyi əhatə etdiyinə qədər müxtəlif aspektləri müzakirə etmək olmalıdır. Bu məqsədlə, əvvəl ümumi olaraq terror və din anlayışları ilə din-terror əlaqəsi qısaca açıqlandıqdan sonra "dini motivli terror" anlayışı, mənası, xüsusiyyəti və əhəmiyyəti baxımından dəyərləndirilməlidir.
Yuxarıda da qeyd edildiyi kimi ümumi olaraq terror, dəyişdirməyə, yıxmağa, yox etməyə, qorxu salmağa və təhdid etməyə istiqamətli silahlı şiddət hərəkəti olaraq hər kəs tərəfindən hiddətlə qarşınan insanlıq əlehinə cinayət hadisəsidir. Terrorizm kütlələrin ideoloji olaraq həddindən artıq dərəcədə cəbhələşməsinin, ortaya çıxan ağır iqtisadi problemlərin və daha da əhəmiyyətlisi cəmiyyətlərin etnik və dini baxımdan fərqliliklərinin yol açdığı siyasi səbəblərdən qaynaqlanır.
Dinin terrora qarşı olduğunu, “Din və Terror”un birlikdə tələffüz edilməməsi lazım olan iki anlayış olduğunu müdafiə edən yanaşma hər nə qədər diqqətəlayiq olsa da, hətta bu ümumi görüşə qatılanların belə qəbul etdiyi, amma kimsənin arzu etmədiyi şey, özlərini dindar olaraq təqdim edən fərdlərin və ya qrupların "din adına" terrorist hərəkətlər törətməsidir. Hətta bəzən diqqət çəkəcək şəkildə "qarışmış olmaq"dan kənar, çox ciddi ölçülərdə irəli gedildiyi də bir gerçəkdir.
M. Qandinin dediyi kimi "tarixdə ən nifrət dolu və qəddar cinayətlər din adına edilmişdir". Bu da haqlı olaraq "dinin terroru bəslədiyi" şəklində qiymətləndirilmələrə əsaslar yaratmaqdadır. Din və onun meydana gətirdiyi təşkilatlar, insanları birləşdirmə rolu oynamalarına baxmayaraq, bəzən və daha kəskin formada coğrafi, kulturoloji və təfəkkür müstəvisində “negative differences”i (zərərli fərqlilik) təşfiq edən işlərlə də qarşımıza çıxır.
Bu zərərli fərqlilik həyatın hər yanında özünü hiss etdirir. İqtisadi baxımdan, məsələn eyni dinə inananların alacaqları əşyada dindaş olan satıcını seçir. Qonşuluq, yoldaşlıq və s. ictimai əlaqələrdə də insanların mənsub olduqları din, ya da dini camaat təyinedici olmaqda, o birinə qarşı bir cəbhə meydana gətirməkdədir. İçərisində birdən çox dinin yaşandığı cəmiyyətlərdə hər bir din, öz mənsubları arasında əhəmiyyətli bir qaynaşma vasitəsi olarkən, digər dinə, məzhəbə, ya da dini camaata mənsublara qarşı bir cəbhələşməni də özü ilə bərabər daşıyır.
Dinlərin tarixin və coğrafiyanın müəyyən seqmentlərində insanlar üçün dinclik və sabitlik səbəbi olduğu bilinərkən, başqa seqmentlərdə nifaq, fitnə və zülm şəklində ortaya çıxmasını necə inkar etmək olar? Bu vəziyyətdə problem kimi din ilə o dinin mənsublarının din anlayışlarının bir-birindən fərqliliyimi gündəmə gəlməlidir? “Bu əsl din deyil” yanaşması bu suala cavab verirmi?.
Dinin təklifinin nə olduğu qədər insanların bunları necə anladığı, necə qəbul etdiyi və necə tətbiq etdiyi də, əlbəttə, əhəmiyyətlidir. Hər halda, din mənsublarının öz dinləri ətrafında belə, vahid olmadıqları, fərqli qrup və məzhəblərə bölünmələri, din ilə ona tabe olanların sinxron olmadıqlarını ortaya qoyur. Hətta bu vəziyyətdə din, başqa dindən olanlar qədər özünə iman gətirənlər üçün də bir nifaq və qarşıdurma səbəbi olaraq qarşımıza çıxır. Oxşar dinə mənsub insanlar arasında tarixdə cərəyan edən qarşıdurmalar bunun ən konkret nümunələridir.
İstər kobud güc ehtiva edən fizioloji, istər otoriteryan, istərsə psixoloji-- şəkli və quruluşu nə olursa olsun - hər şiddət hərəkəti özünü mütləq bir mətnə dayandırır. Bu mətnin qaynağı; dini bir inanış, bir kult, ritual və ya bir müqəddəs kitab ola biləcəyi kimi siyasi və ya ideoloji bir bildiriş, bir ifadə, bir manifest ya da hər hansı bir arqument də ola bilər. Şiddətə müraciət edənlər, şiddət ehtiva edən rəftar və davranışlarını legitimləştirmək üçün bir dayanağa ehtiyac duyarlar. Rafa-əl Mosesin ifadəsiylə, " insanlar, planlanmış bir şiddət hərəkətini haqlı görməyə çalışaraq, vicdanlarını rahatlaşdırmaq məcburiyyətindədirlər."
Məhz bu nöqtədə, şiddət hərəkətinin əvvəlində, ya da sonrasında bu hərəkətin qanuni zəminini təmin edən bir mətn yaratmaq zərurəti qaçınılmaz olur. Bu mətnin meydana gəlməsində isə, müxtəlif sosial-iqtisadi, tarixi və ya mədəni reallıqlarla birlikdə dini arqumentlər dövrəyə girir. Beləliklə, terrora legitimlik qazandıran bu mətn edilən hərəkəti teroristin zehinində haqlı və lazımlı müqəddəs bir mənaya çevirir. Bu məzmunda adam, ətrafı üçün də, etdiyi hərəkətin haqlılığı və lazımlılığını əsaslandıran tezislərdən ibarət mətn təqdim edir.
Sosioloji tərəfindən yanaşıldığında, din ilə terror arasında birbaşa əlaqənin olub olmaması müzakirəsində Durkheimin fikirləri yada düşür. Durkheimin ümumi din nəzəriyyəsinə görə “Din ona iman gətirənlər birliyinin praktik həyatının əsasıdır. Din, məhz ona inanan cəmiyyətin müqəddəsləştirməsidir. Bu mənada din adına döyüşmək və şəhid olmaq müqəddəs vəzifələr olaraq ön plana çıxır” . Əslində, bənzər vəziyyətlər Yapon samuray mədəniyyətində də, Buddizmdə də vardır.
Bəlkə bu vəziyyət, dinlərdən çox, insanların problemidir?! Axı heç bir din şiddət və terroru birbaşa dəstəkləmir. Ancaq, digər tərəfdən hər dində var olan "şəhidlik" və "cihad" kimi insanın "özünü fəda etməsi" olaraq şərh olunan bəzi elementlər, dinin şiddətlə birlikdə xatırlanmasına əsaslı zəmin yaratmaqla problemin insandamı, yoxsa dindəmi olduğu tərəddüdündə “problemdə dinin heç bir rolu yoxdur” fikrini deməyin mümkünsüzlüyünü göstərir.
Günümüz dünyasında Şərqi Timorun Katolik adalıları ilə, İndoneziyalı müsəlmanlar bir-birlərini öldürürlər. Sudanda müsəlmanlar ilə güneyli xristianlar arasındakı bitməyən müharibə insanlıq tarixinin ən utanc verici qıtlığına gətirib çıxarmışdır. Əlcəzairdə radikal dindarlar terror əsdirir. Hindistanın Pəncab bölgəsindəki “Siqh” xadimləri “Saflıq Diyarı” adında bir utopik yer yaratmaq adına hindliləri yandırmaqdadır. Ruanda və Burundidə Tutsilər (Uzunlar) və Hutular (Qısalar) illərdir bir-birlərini qətl etməkdədir. Avropanın ortasında Bosniya Herseqovinada bir etnik təmizlik yaşanmışdır.
İsraildə müsəlmanlarla yəhudilərin qırğını illərdir davam edir. Şimali İrlandiyada katolik və protestant xristianlar illərdir bir-birlərini qırır. Türkiyədə əvvəllər yalnız PKK və "sol devrimci" terror hadisələri duyulurdusa, daha sonra Hizbullah terroru, indi də yeni əlavə olunan İŞİD terroru cəmiyyəti dəhşətə salmışdır. Böyüyərək cografiyasına sığmayan İŞİD artıq Avropanın mərkəzində Parisdə teraktlar törədir. Hindistanlı hindilərlə Pakistanlı müsəlmanlar “lazım gələrsə” söylədiklərinin sübutu uğruna qarşı tərəfə nüvə bombası atacaq qədər bir-birlərinə nifrət edir. Bütün bu hadisələr ona görə rellaşır ki, hər iki düşmən tərəf qarşılıqlı olaraq, məhz Tanrının belə istədiyindən əmindirlər.
Hal-hazırda işlənən cinayətlərin çoxunun etnik və mədəni faktorlardan qaynaqlanmasına baxmayaraq, altda yatan əsas səbəb fərqli kimlik daşıyan insanları düşmən olaraq qəbul edən və öz tərəfdarlarına vahid bir kimlik geyindirən inancdır. Hər inanc təməldə etnosentrik bir xarakter kəsb etdiyi, yəni ən doğru və ən mükəmməli təmsil etdiyi iddiasında olduğu üçün, "ondan olmayan"ı az və ya çox miaqdarda ikrah hissi ilə qarşılayır. "Mənsub olunan qrupun üstünlüyünə inanma" mənasını daşıyan etnosentrizm, əslində az və ya çox hər insanda var.
Ancaq bunun sıxlığı və şiddəti artınca fərdlər öz qruplarına ilahi bir müqəddəslik kimi yanaşar, digərlərinə qarşı da mənfi hisslər bəsləməyə başlayar. Bu vəziyyətin əsas səbəblərindən biri də, insanların ümumiyyətlə öz dinlərini mübahisəsiz qəbul etmələri, həqiqəti anlama və ona çatmaqda, dini inanclarından bir az güzəştə getdikləri anda varlıq səbəblərini itirəcəkləri qorxusuna qapılmalarıdır. Fərdlərin dini inanclarla bağlı məsələlərdə qarşısındakının haqlı olduğunu etiraf etmələri son dərəcə çətindir. Çünki belə bir etiraf bir sonrakı mərhələdə "elə isə nə üçün bu etirafın gərəyini yapmırsan?" şəklində ikinci sualı doğuracaq.
Dini mənsubiyyətinə az və ya çox bağlı olan bir adamın bunu qəbul etməsi demək olar ki, qeyri-mümkündür. Watt'ın da ifadə etdiyi kimi "heç kim, ən azından həqiqətin özünü təmsil etdiyinə inanmadığı bir dini qrupa asan-asan bağlanmaz ". Bu səbəbdən də "ondan olmayan" kimi təsnif etdikləri xarici dini qruplarla uzlaşan deyil, ayrılan istiqamətlərə diqqət çəkən hər dini qrup, özünün həm ən doğru, həm də ən fərqli olduğu iddiasını davamlı canlı tutmaq məcburiyyətindədir.
Bu da o birinin mənfi, hətta aşağılayıcı sifətlərlə qiymətləndirilməsinə yol açmaqdadır. Bu çərçivədəki inancın fanatizmə yuvarlanması qaçılmaz olunca, fanatikləşmiş fərdin də müqəddəsliyə qovuşmaq yolunda düşməni məhv etmək adına özünü fəda etməsi (terorist olması) günümüzün artan terrorizminin tükənməyən mənbəyinə çevrilir.
Din-terror ilişgisi ilə əlaqədar izahını verməyə cəhd etdiyimiz bu proseslər zamanla dinlər arasındakı kin və nifrəti alovlandıraraq “dini terror”, ya da "dini motivli terror "anlayışını ortaya çıxarmışdır.
Yuxarıda bir neçə dəfə vurğulandığı kimi ədəbiyyatda "din terroru", "dini terror", "Dini motivli terror" kimi anlayışlar istifadə olunur. Bir dini ənənə içərisində həddindən artıq uclarda yer alan marginal düşüncələr və ya inanc sistemlərinin bəzi davranışları, xüsusilə də təcavüzkarlığı müqəddəs hesab etməsi və ucaltması vəziyyətində ortaya çıxan terror hərəkətlərini izah etmək üçün bu anlayışlardan biri istifadə edilir.
Gəlin, biz də "dini motivli terror" anlayışını istifadə etməyi seçək və bunu da "dinin motivasiya etdiyi (religiously motivated)" mənasındamı, yoxsa "Dini görünüşlü (religiously appeared)" mənasındamı istifadə etməyi dartışaq. Bu, dinin terroru bəsləməsindən daha çox bəsləyən kimi göründüyü fikrinə üstünlük verməyi ehtiva edəcək. Şərtlər nə olursa-olsun, demokratiyanın əlifbası olan inanca sayğı prinsipini kənara qoymağa heç bir şeylə haqq qazandırıla bilməz.
Ancaq nə qədər ki, dini motivli terrorun səbəbləri olan İran, Misir və Səudiyyə Ərəbistanı mərkəzli radikal fikir axınları, müsəlmanlığın tək ümmət olduğu düşüncəsi, İslamın bu gün parçalanmış halda olduğuna inanma və bütününü təkrar meydana gətirmə, yəni Xilafəti qurma fikri, müsəlman cəmiyyətlərdəki qarşıdurmalar, İsrail-Fələstin problemi, İran İslam inqilabının əxz olunması kimi hədəflər ortada qalır, “Dini terror” termini “Dini görünüşlü” terror terminindən daha çox istifadə olunacaq.
P.S. Terrorizmin media olmadan yaşaya bilməyəcəyi aksiomdur. Terrorizm müasir dövrün əsas faktırı olması da daha çox bu vəziyyət ilə əlaqəlidir. Terror təşkilatları media sayəsində öz dəhşətlərini yaymaqla hədəflərinə çatırlar. Bu baxımdan terror baş verdiyində özü istəmədən terrorizmin ruporuna çevrilən mediada, çox sayda terrorun məqsədinə xidmət etməyən yazıların yazılmasına ehtiyac var.Terrorun nə qədər dəhşətli bir bəla olduğu hər halda hər kəsə aydındır. Terror qəzəbin nəticəsi ola bilməz. Terror qisasın da nəticəsi ola bilməz. Terror bütün insanlığa nifrətin nəticəsidir.

''Dini təhlükə'' və avtoritarizm bir-birinin donoru kimi

Dərc olunub: 20.01.2017 Meydan TV

Azərbaycanda 1993-cü ildən qurulmağa başlayan avtoritar sistemə qarşı aparıcı müqavimət sırf dünyəvi siyasi dəyərlərin qeyd-şərtsiz üstünlüyünü qəbul edən siyasi təşkilatların timsalında mərkəzləşib.
Bu zaman ərzində  dini təşkilatlanma cəhdləri də müşahidə olunub. Xüsusən də İrandan və ərəb ölkələrindən ixrac edilən ideoloji təhdid şəklində...
İndiki halda ölkə bütün parametrlər üzrə ciddi təhlükələrlə qarşı-qarşıyadır, bir tərəfdən ağır iqtisadi böhran, digər tərəfdən son 20 ildə heç vaxt olmadığından daha çox artan Putin Rusiyasının postsovet ölkələri üzərində siyasi işğal təhdidi, üstəlik uzun illərdir teorik ehtimal kimi səsləndirilən ərəb coğrafiyası və İran (Qum) qaynaqlı ideoloji (şəriətçilik) yayılmanın real təhlükəyə çevrilməyə başlaması…
Bəli, bütün bunlar vəziyyəti həddindən artıq mürəkkəbləşdirir.
İlham Əliyev rejimi ilə Azərbaycanın maraqları hər zaman olduğu kimi yenə də  üst-üstə düşmür.  Rejim Azərbaycan üçün  real olan bu təhlükələrə - şimaldan  gələnə  hakimiyyətini qoruma təminatı, cənubdan gələn ideloji təhlükəyə isə avtoritarizmi möhkəmləndirmə fürsəti kimi baxır. Halbuki mövcud təhlükələr belə rejimlər üçün nə fürsət yaradır, nə də təminat vəd edir. Əslində get-gedə artan bu təhlükələrin əsas qaynağı məhz rejimin özüdür.
Ötən əsrin 50-ci illərinin İranında baş nazir Müsəddiq gözlənilmədən  kəskin islahatlara başlamışdı. Təfəkkürcə liberal demokrat olan Müsəddiq bir tərəfdən İranı ingilis müstəmləkəçiliyindən qurtarmağa çalışır, nefti milliləşdirir, digər tərəfdən isə “mən hamının fikrini bilmək istəyirəm. Hər kəs öz fikrini sərbəst ifadə edə bilməlidir” -  deyərək  minilliklər sonra farslara düşünən varlıqlar olduqlarını izah edirdi.
Hamı Müsəddiqə qarşı idi. Saray da, Qərb də (Qərb Irana neft embargosu qoymuşdu), dini fanatiklər də. Hərbi çevriliş baş verdi və Müsəddiq həbs edildi. 
“Əslində hamı başa düşürdü ki, Müsəddiq haqlı idi. Amma problem onda idi ki, Müsəddiq vaxtından əvvəl haqlı idi. Kimsə vaxtından əvvəl haqlı ola bilməz", -  bu, Müsəddiqin devrilməsinə haqq qazandıranların ən məşhur teorik izahıdır. Məhz bu izah—vaxtından əvvəl haqlı olmaq haqqının olmaması  cəmi 20 il sonra şəriətçilərin İranda özlərini “haqlı” elan etməsinə rəvac verdi. Çünki İranda sekulyar müxalifət SAVAK tərəfindən,  demək olar, tamamilə məhv edilmişdi. Amma heç kəs Müsəddiqin timsalında liberal demokratların  məhv edilməsinin İranda baş verən  bu arxaizmin zəfərinə  “töhfəsindən” danışmadı.

İlham Əliyev Kəbə ziyarətində
İlham Əliyev Kəbə ziyarətində.

Bəs biz necə? XXI əsrdə liberal demoktratiya uğrunda mübarizədə vaxtından əvvəlmi haqlıyıq?! Əksinə biz xeyli gecikmişik haqlı olmağa. Eyni zamanda Əliyevlər rejimi də xeyli zamandır haqsızlığını gecikdirir, uzadır, ləngidir. Bu da öz növbəsində  dindarların, şəriətçilərin min illər öncəki haqlılıqlarını “müasir”ləşdirməsinə münbit şərait yaradır.  Üstəlik bəzi siyasətçilər də rejimə qarşı mübarizə adı ilə onlara meydan açır, necə ki, İran İslam  İnqilabı öncəsi Şah əleyhdarı sekulyar təşkilatlar  “Qum Molları”ndan istifadə etdiyini düşünürdü.
1973-cü il, İran...
 Məhəmməd Rza şah mətbuat konfransı keçirir və neftin yeni qiymətini elan edir. İki aydan az bir müddətdə neftin qiyməti 4 dəfə artıb. İran artıq ildə 5 yox,  20 milyard dollar qazanacaq.  Bir belə vəsait isə yalnız şahın nəzarətindədir.
O, qəfil elan edir: “Bir nəslin ömrü qədər müddətdə İranı (geridə qalmış, təhsilsiz ölkəni) dünyanın ən qüdrətli (analoqu olmayan) ölkəsinə çevirəcəyəm! 10 ilə biz almanların, ingilislərin, fransızların standartını ötüb keçəcəyik”.
Qısası,  “Hər kəsə rifah!” şüarı ilə insanlarda böyük ümid yaradılır. Və şah yüzlərlə sərəncam verməyə başlayır. Hər qış isə Avropaya XİZƏK sürməyə gedir.
Bu cümlələr sizə nəyisə xatırlatmır? Bir neçə il öncə qulağınızı yağır edən “bizim pulumuz çoxdur”, “hamıdan sürətlə inkişaf edirik, bəzi diplomatlar mənə deyirlər ki, bəlkə yavaşlayaq?” sözlərini unutmamısınız ki?..
O zaman şah rejiminin bu avantürasına züy tutan qərb siyasətçiləri belə eyni ilə İlham Əliyev hakimiyyətinin “Kürü diplomatları”nın sələfləri rolunda olublar. Bu işbazlar, “qəstumlu demokratlar” İrana uçan təyyarələrə minərkən hava limanlarında avropalı tələbələrin onlara verdiyi və üzərində:  “ İranda insanların işgəncədən öldüyünü”, “İtkin düşənlər, əslində,  SAVAK tərəfindən oğurlanır”, -   yazılan  vərəqələri alanda heç də həyəcanlanmırdılar. 
Onların yanaşması, təxminən belə idi: əgər qənimət əladırsa, üstəlik İranda hər şey şahın Yeni Sivilizasiya qurması haqda pafoslu şüarı altında baş verirsə, bu dilxor söhbətlər kimə lazımdır axı?!
Bəs bu sürətli inkişaf prosesi necə? Baş verirdimi?  Şah, “puluna minnət”, deyə  minlərlə  tələbəni xaricdə oxudur, amma ölkədə universitetlər açmırdı. Baxmayaraq ki, bu, çox bahalı metod idi, amma şaha sakitlik vəd edirdi. Onsuz da o tələbələr geri qayıtmadılar. Avropanın azadlığını görmüş bu gənclər hər şeyin qadağan olunduğu İrana niyə qayıtmalı idi ki?! Ölkələrində ən yaxşı əsərlər, ən yaxşı filmlər, bütövlükdə yaxşı olan nə varsa qadağan edilmişdi.
Şah insanlara iki seçim tanıyırdı: ya SAVAK, ya da MOLLAlar.
İnsanlar mollaları seçdilər və gözlənilən gün 1979-cu ilin fevralında gəldi. Nəticədə bütün bu inkişaf nağılları yox oldu. Şahın idarə etdiyi rejim divara çırpıldı.
Bizim rejim də eynilə insanları iki seçimə yönəldir: Ya mövcud rejimin timsalında sekulyar avtoritarizm, ya da dindarların timsalında teokratik totalitarizm. Bəli, doğru anladınız, bu seçim, avtoritarizmlə demokratiya arasında deyil, avtoritarizmlə totalitarizm arasındadır. Bu baxımdan  “dini təhlükə” mövcud rejimin yaşam ağacıdır. Əgər o yoxdursa, yaradılmalıdır, əgər varsa, göydəndüşmədir.
İlham Əliyev hakimiyyətinin son illərdə apardığı siyasət tamamilə bu iki çərçivənin qurulmasına hesablanıb. Xaosun hakim olduğu indiki geopolitik şərtlərdə şəriətçilik onlara qarşı alternativ kimi yetişərsə, bir tərəfdən ölkə əhalisinin fəal hissəsində “inanclı olanlar” və “onlardan qorxanlar” şəklində iki kəskin qütbləşmə rəsmiləşdiyində məhz özlərinin sekulyarizmin “gücə sahib olan” mərkəzinə çevriləcəklərini, digər tərəfdən isə artıq fakta (əgər olarsa) çevrilən “dini təhlükəyə  qarşı” adı altında bütün ölkə boyu ağır repressiya apara və yaxın, uzaq xaricin “insan haqları” mövzulu basqıları əvəzinə, hətta həqiqi siyasi dəstək ala biləcəklərini düşünürlər.
Məhz bu düşüncə ölkəni rejimlə birgə uçuruma aparır. Ən dəhşətlisi odur ki, bu cür rejimlər tarix boyu  heç bir halda “gözü çıxan qonşu”sundan ibrət almırlar. Özlərinin daha fərqli olduğuna, bənzərlərinin faciəvi sonluğuna məhkum olmadıqlarına inamlarına zərrə qədər toz qondurmurlar.
Tarix də dəfələrlə sübut edib ki, çağdaş dəyərlərə  “Biz demokratiyaya hazır deyilik”, “ Siz vaxtından əvvəl haqlısınız”, -  şəklində yanaşanlar, bu dəyərləri  süngü ilə qarşılayanlar kürəklərini sığındıqları despotizmin astar üzünün (teokratizmin) qamçılarına hazırladıqlarının fərqində belə olmurlar... 

ABŞ-da prezident seçkiləri

Dərc olunub: 06.11.2016 Meydan TV



Qalib tamamını qazanır... (Winner takes all)
ABŞ-da ştatların böyük əksəriyyətində ənənəvi olaraq Respublikaçıların və ya Demokratların üstün olduğu əvvəldən bilinir. Bu baxımdan ştatlarda kimin qalib gələcəyindən daha çox, hansı ştatın Seçici Heyətinə (Electoral College) neçə nümayəndə göndərəcəyi əhəmiyyətlidir. Ştatların əhali sayı zamanla dəyişdiyinə görə 10 ildən bir keçirilən siyahıyaalmanın nəticəsində Seçicilər Heyətindəki üzv sayı da dəyişikliyə məruz qalır...
2010-cu ildə keçirilən siyahıyaalma göstərir ki, 10 ştatın Seçicilər Heyəti üzvlərinin sayı azalıb, 8 ştatın isə artıb.
Qalib gəlmək üçün namizədlərdən biri 50+1 ştatdan seçilən 538 nümayəndədən 270-ni qazanmalıdır.
Namizədlərin seçki kampaniyası loqoları
ABŞ-da növbəti prezident seçkiləri 8 noyabr 2016 tarixində keçiriləcəkdir. Bu, ABŞ-ın 58-ci prezident seçkiləri olacaq. İndiki prezident Barak Obama bu vəzifəyə iki dəfə seçilmiş olduğu üçün üçüncü dəfə namizəd olması mümkün deyil.
Prezident seçkilərinin ənənələrinə uyğun olaraq, keçirilmiş praymerizlə (ilkin seçkilər) Demokratila rPartiyasının namizədi Hillari Klinton, Respublikaçılar Partiyasının namizədi Donald Tramp, Liberallar Partiyasının namizədi Gari Conson və Yaşıllar Partiyasının namizədi Jill Stein olmaqla, seçkilərdə 4 namizəd müəyyən edilib. Yarış isə Klinton və Tramp arasında gedir.
İlkin seçkilər
Prezident seçkilərinə qatılan hər siyasi partiya namizədini öz içindən müəyyən edir. ABŞ Konstitusiyasında bu namizədləri müəyyən etməyi tənzimləyən heç bir hökm yoxdur. Ancaq illər ərzində partiyalar tərəfindən bu prosesi tənzimləyən bəzi ənənələr ortaya çıxıb. Partiyalar namizədlərini ilkin seçkilər yolu ilə müəyyən edir. Bu ilkin seçkilər ştatlara görə "Primary" və ya "Caucus" üsulu ilə keçirilir. "Primary" metod partiyanın tərəfdarı olan hər ABŞ vətəndaşına açıq olan seçkilərdir. "Caucus" metodundan isə ancaq partiyanın rəsmi üzvləri yararlana bilir.
Demokratlar Partiyasının namizədi olmaq üçün ən azı 1237 nümayəndə tələb olunurdu.

Legitim namizəd Hillari Klinton
Legitim namizəd Hillari Klinton.

Respublikaçılar Partiyasının namizədi olmaq üçünən azı 1237 nümayəndə tələb olunurdu.

Legitim namizəd Donald Tramp
Legitim namizəd Donald Tramp.

Prezident seçkiləri sistemi
ABŞ seçkiləri haqda "sistem" kəliməsini söyləmək mümkünsüzdür. Sistemin əsasını məhz sistemsizlik təşkil edir. Çox qarışıqdır və yalnız Amerikaya məxsus sistemdir. Bu səbəbdən də Amerikadan başqa heç bir ölkədə bu sistemi (sistemsizliyi) tətbiq etmək mümkün deyildir. Qaydalar bəzən nəinki hasısa ştata görə, ilkin seçkilərdə, hətta məhəllələrə görə dəyişir.
Prezident seçkiləri Amerika Birləşmiş Ştatlarının prezidentini və vitse-prezidentini seçmək məqsədilə hər 4 ildən bir (1792-ci ildən başlayaraq) noyabr ayının ilk bazar ertəsindən sonrakı çərşənbə axşamı günündə keçirilir. Bu düstura görə seçkilərin günü illərə görə - 2 noyabr və 8 noyabr arasında dəyişir. Son prezident seçkisi 6 noyabr 2012-ci il tarixində keçirilib. Prezident seçkisinin nəticələri seçkidən sonrakı yanvar ayında ABŞ Konqresi tərəfindən təsdiq edilir. Yeni seçilmiş prezident vəzifəsinin icrasına seçkidən sonra -yanvar ayının 20-də başlayır.
Prezident seçkilərində seçicilər, əslində, birbaşa prezidenti və vitse-prezidenti seçmirlər. Ştatlarını seçicilər heyətində (Electoral College) təmsil edəcək nümayəndələri seçirlər. Seçkilərdən sonra isə Seçicilər Heyəti Məclisi toplanaraq prezident və vitse-prezident seçkilərini həyata keçirir. Hər ştatın Seçicilər Heyətindəki nümayəndə sayı həmin ştatın Senat və Nümayəndələr Məclisi üzvlərinin cəminə bərabərdir. ABŞ-ın paytaxtı olan Vaşinqton da (Federal bölgə)Seçicilər Heyətinə ən az nümayəndə göndərən ştatla bərabər sayda üzv göndərmə hüququna malikdir. Puerto Riko, Quam, Amerika Samoası kimi ABŞ-a bağlı torpaqların sakinləri ABŞ-ın prezident seçkilərində səs hüququna malik deyillər.
Seçilmiş prezident keçirilən seçkilərin nəticəsində ölkə səviyyəsində namizədlərin aldığı səs nisbətinə görə deyil, qazanılan Seçicilər Heyəti nümayəndələrinin sayına görə müəyyən edilir. Seçicilər Heyəti prezident seçkilərindən dərhal sonra toplanan bir məclisdir. Bu məclisdə hər prezidentliyə namizədin qazandığı nümayəndələr iştirak edirlər və səsvermə ilə ABŞ-ın prezidentini müəyyən edirlər. Prezident seçkiləri məhz bu Seçicilər Heyəti üzvlərinin təyin olunması əsası üzərinə qurulmuş bir sistemdir.
Seçkiyə qatılan seçicilərin səsi, əslində, dəstəklədiyi namizədi seçmir, namizədi təmsil edəcək olan Seçicilər Heyəti üzvünü (Electoral Vote) seçir. Hər ştat öz payına düşən sayda Seçicilər Heyəti üzvü seçir. Yuxarıda qeyd etdiyimiz kimi, hər ştatın Seçicilər Heyətindəki üzv sayı o ştatın Senat və Nümayəndələr Məclisindəki nümayəndə sayının cəminə bərabərdir. Bu qaydaya tək istisna ABŞ-ın paytaxtı olan Vaşinqton şəhəridir. Vaşinqton xüsusi bir statusa malikdir. Senator və ya Nümayəndələr Məclisi üzvləri yoxdur. Ancaq şəhərdə yaşayan seçicilərin prezident seçkisində iştirak hüququnu təmin etmək üçün bu şəhərə Seçicilər Heyətinə ən az üzv göndərən ştatla bərabər sayda üzv göndərmə haqqı verilib.

"Winner takes all" (qazanan tamamını qazanır.)

Ümumi seçkidə ştatda ən çox səs qazanan namizəd Seçici Heyətinin hamısının səsini qazanmış olur. Yəni bir səs fərqlə seçkini qazanan namizəd bütün nümayəndələri qazanır. Digər tərəfdən isə Seçicilər Heyətindən ibarət bu məclis tamamilə simvolik bir vəzifəni icra edir. Çünki seçilmiş nümayəndələr hansı namizəd üçün seçilmişlərsə, prezidenti seçərkən mütləq o namizədə səs vermək məcburiyyətindədir. Tam əksəriyyəti (538 nümayəndədən 270-ni) qazanan namizəd prezident seçilmiş qəbul edilir.
Bu sistemə görə bəzən ümumi səs vermədə digər namizədə görə daha az səs alan namizədin prezident seçilməsi mümkündür. Məsələn, 2000-ci il prezident seçkilərində Demokratlar Partiyasının namizədi Albert Qor ölkə miqyasında Respublikaçılar Partiyasının namizədi Corc Buşdan çox səs qazansa da ( 500.000 çox səs almasına baxmayaraq), Florida da 500 səslə Buşa uduzdu və bu ştatın 27 nümayəndəsini itirməli oldu. Nəticədə Corc Buş Seçicilər Heyətinin üzv sayına görə, yəni 271-266 fərqi ilə üstünlük qazanaraq, prezident seçildi.
Bu səbəbdən namizədlər kampaniyalarında seçici nümayəndə sayı yüksək olan əyalətlərə daha çox diqqət edirlər. Sistemə görə Nyu Gersi (14), Cənubi Carolina (15), Mikiqan (16), Georgia (16), Ohayo (20), İllinois (20), Pennsilvaniya (21), Nyu York (29), Florida (29) Texas (34 səs), Maryland (10), Virginya (13) və Californiya (55) kimi 13 ştatı qazanan namizəd, geri qalan digər bütün ştatları (37ştat + Vaşinqton) itirsə belə, Amerika prezidenti seçilə bilər.
Blue states (mavi ştatlar), red states (qırmızı ştatlar)
Amerika siyasi ənənəsində Demokratlar Partiyasının rəngi mavi, Respublikaçılar Partiyasının rəngi isə qırmızıdır. Bütün Amerika mediası seçki xəbərlərində demokratların qazandığı ştatları xəritədə mavi rənglə, Respublikaçıların qazandıqları ştatları isə qırmızı rənglə təqdim edir. Uzun müddətdir, Demokratlar Partiyasının qazandığı ştatlar, demokratların qalası mənasında - "blue states", Respublikaçılar Partiyasının qazandığı ştatlar isə- "red states" ifadəsi ilə xatırlanır. Bu iki partiya arasında tərəf dəyişdirən ştatlara isə "swing states - sürüşkən ştatlar" deyilir.
Florida, Pennsilvaniya, Ohayo döyüşü əbədi davam edir. Bu ştatları digərlərindən əhəmiyyətli edən nədir?
Bu üç ştatda əslində,"sürüşkən ştatlar" kateqoriyasındadır. Yəni hər seçkidə iki partiyadan birinə tərəf olur. Ancaq bu üçünü digər sürüşkən ştatlardan əhəmiyyətli edən seçici heyətində nümayəndə sayının çox olmasıdır.
Bu üç ştat "key states (açar ştatlar)" olaraq xatırlanır. Məsələn, seçici heyətində Floridanın 29 səsi var. Yalnız Floridanı qazanmaq, Alyaska, Cənibu Dakota, Delaveyr, Şimali Dakota, Vermont, Vyominq, Montana və Nyu Hampşeyr ştatlarının tamamını qazanmaqdan daha çox nümayəndə səsi qazandırır.
Virginya, Cənubi Carolina və Koloradonun xüsusiyyəti nədir?
Bu 3 ştat, ümumiyyətlə, Respublikaçılar Partiyasının qazandığı qırmızı rəngdir. Ancaq 2008-ci ildə Barak Obama bu üç ştatı qazanaraq böyük sürprizə səbəb olmuşdu. Namizədlər Çikaqo, Nyu York, Los Angeles kimi böyük şəhərlərdə kampaniya aparmır. Bu da "electoral college" sistemindən qaynaqlanır. Bu böyük şəhərlərin bağlı olduğu ştatları kimin qazanacağı haradasa qəti olduğu üçün namizədlər ölkə əhalisinin böyük hissəsinin yaşadığı bu şəhərlərdə seçki kampaniyası aparmır.
Seçki 2016: Klinton, yoxsa Tramp?
Ştataların böyük əksəriyyətində ənənəvi olaraq Respublikaçıların, yoxsa Demokratların üstün olduğu əvvəlcədən bilinir. Bu baxımdan ştatlarda kimin qalib gələcəyindən daha çox, hansı ştatın seçici heyətinə neçə nümayəndə göndərəcəyi əhəmiyyətlidir. Ştatların əhali sayı zamanla dəyişdiyinə görə 10 ildən bir keçirilən siyahıyaalmaya görə ştataların Seçicilər Heyətindəki üzv sayı da dəyişikliyə məruz qalır.
2010-cu ildə keçirilən siyahıyaalma göstərir ki, 10 ştatın Seçicilər Heyəti üzvlərinin sayı azalıb, 8 ştatın Seçici Heyəti üzvü sayı isə artıb. Ümumi olaraq nümayəndə sayı artan ştatların çoxu son seçkilərdə Respublikaçılar Partiyasının namizədini seçən ştatlardır.
Seçki kampaniyası dövründə Demokratlar Partiyasının namizədi Hillari Klinton ilə Respublikaçı rəqibi Donald Tramp arasında gedən yarışın əks-sədası pik nöqtəsindədir. Namizədlərin canlı yayında, milyonlarla seçicinin qarşısında keçən tele-debatları bu yarışın əhəmiyyətli məhək daşlarındandır. Demokratlar və Respublikaçılar arasında keçirilən anket sorğusuna görə Klinton Tramp qarşında daha yaxşı performans göstərə bilib. Anketə qatılan demokratların 99%-i və Respublikaçıların 57%-i Klintonun qazandığını düşünür. Buna baxmayaraq, Respublikaçılar arasında Trampın performansını bəyənənlər 68%-dir.
Canlı müzakirənin əsas mövzuları miqrasiya, milli təhlükəsizlik, terrorizm, iqtisadiyyat, səhiyyə sistemi, ticarət, məşğulluq, cinayət nisbəti və irqçilik olub. Xarici siyasətdə "şahin" olaraq təqdim edilən Klinton, İraq işğalını və ABŞ-ın Liviyaya hava hücumlarını müdafiə edib. Klinton həmçinin düşünür ki, ABŞ İŞİD-lə mübarizədə daha geniş və böyük rolo ynamalıdır. Eyni zamanda o, Əfqanıstanda ABŞ hərbi varlığının mövcudluğunun tərəfdarıdır.
Tramp isə başından bəri İraq müharibəsinə qarşı olduğunu söyləyir. Ancaq Trampın əvvəlki şərhləri bunun əksini göstərir. Tramp Rusiya lideri Vladimir Putin ilə daha yaxın əlaqələr qurmağı düşündüyünü bəyan edir. Xarici siyasətdə Amerika maraqlarına üstünlük verilməsi lazım olduğunu müdafiə edən Tramp İŞİD-lə mübarizə üçün on minlərlə ABŞ əsgərinin döyüşməsi lazım olduğunu ifadə edərək bu məsələdə sistemsiz yanaşma sərgiləyir.
Namizədlərin zəif nöqtələri hansılardır?
Şərhçilər hesab edirlər ki, Klinton Trampı vergi bəyannaməsini açıqlamaması, həmçinin keçmişdə qadınlar, etnik və dini qruplar kimi mövzularda sərgilədiyi mövqeyinə görə tutarlı faktlarla küncə sıxışdırıb. Klintonun: "Niyə vergi bəyannaməsini açıqlamır? Bəlkə söylədiyi qədər zəngin deyil. Bəlkə iddia etdiyi qədər xeyriyyəçi də deyil. Bəlkə Amerika xalqına heç vergi ödəmədiyini söyləmək istəmir", -zərbəsinə Tramp: "Ağıllıyam da ondan", - şəklində cavab verir.
Öz növbəsində Tramp Klintonu Dövlət Katibi olduğu müddətdə Amerikanın hərbi sirlərini şəxsi e-mail yazışmasına daşımaqla cinayət işləməkdə, eyni zamanda prezidentlik üçün qeyri-ciddi adam olmaqda ittiham edir. Analitiklər Klintonun Tramp qarşısında özünə əmin, üstün və yumor hissi qüvvətli bir namizəd olaraq çıxdığı mövzusunda həmfikirdir. Ancaq bəzi şərhçilər Klintonun özündən razı göründüyünü və ABŞ xalqına ölkəyə gətirəcəyi dəyişiklikləri yaxşı anlada bilmədiyi qənaətindədirlər.
Sorğu anketləri nə deyir?
Hələ qərar verməyən seçicilər kimə səs verəcəklərini bilmədiklərini qeyd edirlər. ABŞ-dakı son sorğular Klintonun 46.7%, Trampın isə 44.3% nisbətdə səs qazanacağını göstərir. CNN televiziyasının anketinə görə demək olar ki, Klinton (44%) və Tramp (42%) başa-baş yarışırlar.
Donald Tramp –Tramp daxili siyasətində "emiqrantlar, meksikalılar və müsəlmanlara istiqamətli irqçi" üslubu ilə ortaya həddindən artıq "Qırmızı sağ" xətti qoyur . Xarici siyasətdə isə "Amerikanı ən böyük etməkdən" söz etsə də, amerikan elitasının tüklərini biz-biz edəcək tipdədir. Çünki Rusiya ilə yaxşı əlaqələr istəyir, NATO müqaviləsinin 5-ci maddəsi əleyhinə müttəfiqlərini "müftə müdafiə" etməyəcəyini bildirir. Bu səbəbdən hələ ki, təkcə "Rus agenti" elan edilmədiyi qalıb! O, eyni zamanda Dünya Ticarət Təşkilatından çıxmağı təklif edir. Seçilərsə, Amerikaya, hətta bütün dünayaya keçmiş olsun...
Hillari Klinton –Amerikanın ilk qadın prezidenti olma ehtimalı ilə xeyli cəlbedici görünür. Digər tərəfdən, Obamanın I prezidentlik dövründə Dövlət Katibi işləyib və elə də uğurlu siyasi gedişləri ilə yadda qalmayıb. Bəzi analitiklərə görə, Demokratların Obama dövrü ABŞ-ın xarici siyasətindəki "çəkingənliyi" Klintonun "şahinliyi" ilə əvəz olunacaq. Rusiyaya münasibətdə daha qətiyyətli siyasət yürüdüləcək. Demokratlara xas liberal siyasət sayəsində ABŞ ənənəvi olaraq iqtisadi baxımdan möhkəmlənir. Klinton zamanında bu daha da güclənəcək.
Ümumiyyətlə, əksər analitiklərin qənaəti belədir ki, Trampla müqayisədə xanım Klinton həm Amerika cəmiyyətinin gələcəyi, həm də dünya ictimaiyyəti üçün ideal namizəddir.
Əlbəttə, bu qənaətlərlə razılaşmamaq mümkün deyil. Tramp Amerika cəmiyyəti üçün ənənəvi olmayan namizəd tipidir. Həm Amerikanın xarici siyasəti, həm də dünya təhlükəsizlik sistemi baxımından təhlükə vəd edən siyasi fiqurdur. Təsadüfi deyil ki, namizədi olduğu Respublikaçılar Partiyasının tanınmış liderləri belə Trampı müdafiə etməkdən imtina edirlər. Trampın Respublikaçıların namizədi ola bilməsi faktı isə eyni zamanda Amerikan cəmiyyətinin Vaşinqton istebilişmentinə qarşı protestidir. Bu baxımdan Tramp faktı həm də Amerika siyasi elitası üçün antibiotik rolu oynayır.
Amerikanın xarici siyasətdə daha çevik olacağı analizləri isə o qədər də qəti deyil. Mənim düşüncəmə görə, yaxın gələcəyin Amerikasının xarici siyasəti dünyada baş verən problemlərin üstünə "balıqlama atlama"qdan çox uzaq müstəvidə gedəcək və Amerika daha çox "öz qınına" çəkilmə siyasəti yeridəcək. Ona görə də kimsə Amerikadan dünyanın hər tərəfinə yetişmək üçün xüsusi səy sərf etməsini bir müddət gözləməməlidir...

İngiltərə-AB münasibətləri: Dərc olunub 22.06.2016 Meydan TV

Avropa Birliyi miqrasiya böhranı ilə çalxalanmaqda ikən, Birliyin quruluşunun tamamilə yenilənməsinə yol aça biləcək həlledici hadisəyə - İngiltərədə keçiriləcək referenduma 1 gün qalır. 23 uyun 2016-cı ildə baş tutacaq referendum İngiltərənin AB üzvü olaraq qalıb-qalmayacağına aydınlıq gətirəcək. İngiltərənin Almaniya və Fransayla birlikdə AB-nin ən güclü üç iqtisadiyyatından biri olduğu düşünülürsə, Dumanlı Albionsuz bugünki kimi bir AB-dən danışmaq mümkün olmayacaq.
Əslində bu referendum İngiltərə-AB əlaqələri baxımından ilk deyil. O zamankı adıyla Avropa İqtisadi Birliyinə qatıldıqdan iki il sonra da, 1975-ci ildə ingilislər referenduma getmiş və “Ümumi Bazar”da qalmağa qərar vermişdilər. AB mövzusunu təqib edənlərin yaxşı biləcəyi kimi İngiltərənin üzvlüyü onsuz da hər zaman “istisnalarla” dolu idi.
Məsələn, İngiltərə AB-nin öz tarixi boyunca çatdığı ən əhəmiyyətli iki uğur olaraq qiymətləndirilən Şengen zonasına və Avroməkanına qoşulmayıb. Digər üzvlər də bu qərara hörmət göstərmək məcburiyyətində qalmışdılar. Hətta İngiltərənin “oyun pozan” rəftarı səbəbiylə 1997-ci ildə AB-nin qurucu Nizamnaməsinə “əl gəzdirilərək” səsvermə sistemində çox əhəmiyyətli bir dəyişiklik edilmişdi. Beləcə, İngiltərə əldə etdiyi “bizlik deyil' yanaşması ilə hüquqi çərçivədə AB-nin bəzi sahələrdəki ortaq siyasətinə qatılmama imkanı əldə etmişdi.
Xüsusilə 2008-ci ildə baş verən qlobal maliyyə böhranı sonrası İngiltərədə AB əleyhdarlarının sayında ciddi artım müşahidə edildi. Anti-AB yanaşmasını öz varlıq səbəbi olaraq mənimsəyən “Müstəqillik Partiyası”nın keçən il may ayında keçirilən seçkilərdə səslərin təxminən 13% -ni alması, üstəlik, həm Mühafizəkar , həm də İşçi Partiyası içində çox sayda nüfuzlu siyasətçinin AB-dən çıxmaq istədiklərini dilə gətirmələri baş nazir Kameronu seçkilərdə söz verdiyi referendumu nəhayət təyin etməyə vadar etdi.
İngilislərin bir hissəsinin Avropa Birliyinə qarşı çıxmalarının ən əhəmiyyətli səbəbləri arasında, İngiltərənin AB-yə faydasının, AB-nin İngiltərəyə faydasından xeyli çox olması gerçəyi yatır. Digər üzv ölkələr kimi İngiltərə də toplanan vergilərin bir hissəsi AB-nin büdcəsinə köçürür. 2014-ci ildə 116 milyard avro səviyyəsindəki AB büdcəsinin 11.3 milyardlıq hissəsini İngiltərə qarşılayıb.
Yəni İngiltərə Almaniya, Fransa və İtaliyadan sonra birlik büdcəsinə ən çox ödəniş edən ölkədir. (Müstəqillik Partiyasının seçki təbliğatı broşuralarında isə bu rəqəm xeyli şişirdilib.)
Üzvlükdən çıxma mövzusunda israrlı olan ingilislərin irəli sürdüyü bir digər səbəb isə AB-nin irəlidə “Avropa Birləşmiş Ştatları”na çevrilmə arzusunun davam etməsidir. Əsasən son böhranlardan sonra indiki vaxtda Avropa Birləşmiş Ştatları ideyasından bəhs edən AB vətəndaşlarının sayında əhəmiyyətli bir eniş olsa da, AB əleyhdarı İngilislər bu mövzunu gündəmdə tutmağa və şiddətlə etiraz etməyə davam edirlər.
Çıxış girişdən də çətindir
Lissabon müqaviləsi ilə edilən dəyişikliklərdən sonra mövcud AB nizamnaməsinə görə üzv dövlət istədiyi vaxt əlini-qolunu sallayaraq AB-dən ayrıla bilməz. Anlaşmanın 50-ci maddəsinə görə üzv ölkənin ayrılma tələbini bildirməsindən etibarən iki il ərzində AB ilə o ölkə arasında aparılacaq müzakirələrin nəticəsində bir ayrılma müqaviləsinin imzalanması lazımdır.
Bu müddət tərəflərin qarşılıqlı razılığı ilə uzana da bilər. İmzalanacaq müqavilənin də, AB Parlamentindən alınacaq müsbət rəyin ardından AB Şurası tərəfindən əksəriyyətin səsi ilə təsdiqlənməsi zəruridir.
Lissabon müqaviləsi (oktyabr 2007) 50-ci maddə:
Lissabon Müqaviləsinin 50-ci maddəsi bir üzvün AB-dən ayrılma prosesini bu şəkildə tənzimləyir:
1. Hər üzv dövlət, öz konstitusiya qaydalarına uyğun olaraq Birlikdən çıxmaq haqda qərar (Denonsasiya) verə bilər.
2. Denonsasiya qərarı alan üzv dövlət, niyyətini Avropa Birliyi sammitində bildirir. Birlik, müvafiq dövlətlə Avropa Birliyi sammiti tərəfindən təyin olunan prinsiplərin işığında, bu dövlətin birlik ilə gələcəkdəki əlaqəsinin çərçivəsini nəzərə alaraq, Denonsasiya prosesiniı müəyyən edən qarşılıqlı razılaşmanı müzakirə edir . Bu razılaşma Avropa Birliyinin fəaliyyəti haqqında Anlaşmanın 218-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq müzakirə edilir. Razılaşma Birlik adına Avropa Parlamentinin razılığını aldıqdan sonra, Şura tərəfindən səsvermə ilə təsdiq edilir.
Bremain” “Brexit” “ə qarşı
İngiltərədə Avropa Birliyi üzvlüyündən ayrılmağı müdafiə edənlər "Brexit" olaraq adlandırılır. Britaniyanın İngiliscəsi "Britain" ilə "çıxış" sözünün İngiliscəsi olan 'exit'dən ibarət düzəltmə söz. AB üzvlüyündə qalmağı müdafiə edənlərə isə "Bremain" deyilir. Yenə Britaniya ingiliscəsindəki 'qalma' -- 'remain' sözündən ibarət düzəltmə söz.
Bu hissədə İngiltərənin Avropa Birliyi (AB) üzvlüyündən çıxıb çıxmayacağını təyin edən xalq referendumu çərçivəsində "Brexit" və "Bremain" müdafiəçilərinin önə sürdüyü arqumentlərə diqqət yetirək, həm də vəziyyət haqda qənaətlərimizi deyək.
İngiltərə Baş naziri David Kameron çıxışlarında Avropa Birliyindən çıxmağın İngiltərə üçün "geriyə dönüş" və İŞİDİ xoşbəxt edəcək hadisə olacağını vurğulayır.
Londonun sabiq meri Boris Conson isə sabitliyi (!) yoxedici və kosmopolitizmi təşviqedici meyllərə yönəldiyi iddiasıyla Brüsseli ittiham edir. İngiltərənin XIX əsrin “Millət-Dövlət” dövrünə qayıtmasını arzu edən Consona görə İngiltərə AB-dən çıxarsa ölkə təhlükəsizliyi daha əmin hala gələcək.
Yaxşı, Birlik içində qalmaqmı, yoxsa Birlikdən çıxmaqmı İngiltərəni daha etibarlı hala gətirəcək?
Problem də ondadır ki, məhz bu sualın cavabını kimsə bilmir. Brexit reallaşarsa İngiltərənin müdafiə və təhlükəsizlik əlaqələri əhəmiyyətli ölçüdə inkişaf edəcək, ya da pozulacaq deyə bir şey yoxdur. Aydın olan tək həqiqət budur ki, nəticə nə olarsa olsun, İngiltərə Avropalı müttəfiqləri ilə ikitərəfli yaxşı müdafiə əlaqələriylə NATO-nun əsas üzvü olmağa davam edəcək.
Çünki “suverenliyi” özlərinə baş şüar seçmiş Brexit tərəfdarları da yaxşı bilir ki, xarici təhdidlərə qarşı Avropaya ən güclü zəmanət verən təşkilat NATO-dur.
Birlikdə qalma kampaniyasının müdafiəçiləri İngiltərənin gələcək iqtisadiyyatı mövzusunda daha inandırıcı tezislərə sahibdir. İngiltərə Mərkəzi Bankı, BMF və ya OECD kimi bir çox beynəlxalq maliyyə təşkilatı ölkənin AB-də qalmasının iqtisadi inkişaf baxımından daha yaxşı imkan açacağı yönündə qənaətlərini bəyan ediblər.
Brexit tərəfdarı iqtisadçılar isə AB-dən ayrılma reallaşdığında İngiltərənin Avropa xarici ticarət həcminin artacağını müdafiə edirlər. Halbuki, əgər qərar birlikdən çıxmaq yönündə olarsa malların və insanların sərbəst dövriyyəsi ilə əlaqədar vahid bazar müqavilələrinin hamısı qüvvədən düşmüş olacaq. İngiltərə 50-dən çox ticarət razılaşmasını tək-tək hər üzv ölkə ilə yenidən imzalamalıdır. Bu isə illər alacaq uzun bir müddət deməkdir.
Miqrasiya problemi
Miqrasiya problemi İngilis seçicinin səsinə təsir edəcək ən əhəmiyyətli faktorlardan biri olacaq. Brexitçilər AB-nin “sərbəst hərəkət” qanunu sayəsində miqrasiya probleminin idarəolunmaz hala gəldiyini iddia edirlər.
Geopolitik təsiri
İngiltərənin bu günün dünya siyasəti üzərindəki mövqeyi referendumda müzakirəyə açılan bir başqa mövzu. Brexitçilər Birləşmiş Krallığın AB-dən ayrılmasıyla yenidən müstəqilliyinə qovuşacağını və “Üzərində günəş batmayan imperatorluq” günlərinə geri dönəcəyini iddia edir.
AB-də qalma tərəfdarları isə əgər birlikdən çıxılırsa İngiltərənin beynəlxalq mövzularda təsirini itirəcəyini bildirirlər. ABŞ prezidenti Barak Obama daxil bir çox dünya lideri İngiltərənin AB-də qalması lazım olduğu istiqamətində açıqlamalar verib. Almaniya xarici işlər naziri Ştanmayer isə İngiltərənin birlikdən ayrılması vəziyyətində AB-nin də çox keçmədən dağıla biləcəyi xəbərdarlığını edib. Fransa isə, hər zamankı kimi öz “optimist”liyini qoruyur. Təxminən “çıxsa nə olur, çıxmasa nə olur?!” şəklində.
Bir sözlə, İngiltərədə baş tutacaq referendumun nəticəsi təkcə İngiltərənin, Avropa Birliyinin yox, bütün dünyanın indiki xaotik düzəninə həlledici dərəcədə təsir edəcəkdir. Bu təsir isə AB-nin mövcudluğunu hansı parametrlərə endirəcəyindən və ya yüksəldəcəyindən, yəni referendum sonrası İngiltərənin AB-də qalıb-qalmayacağından asılı olacaq.